«Avropa Birliyi yeni dəmir yolu dəhlizini alqışlayır».
Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə bağlı yaydığı açıqlamada belə yazılır.
«Bu layihə infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə, bağlantıların daha yaxşı qurulmasına, ticarətin artmasına səbəb olacaq», - AB-nin yerli ofisi qeyd edir.
Açıqlamada Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı AB, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi sahəsində böyük addım kimi dəyərləndirilir.
XATIRLATMA
Bu gün, oktyabrın 30-u Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçirilir.
BTQ dəmir yolu xətti layihəsini 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixeil Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan imzalayıb. Həmin il noyabrın 21-də BTQ-nin təməli qoyulub.
Bu dəmir yolunun açılışı dəfələrlə ertələnmişdi.
Azərbaycan Dövlət Neft Fondunun (ADNF) məlumatına görə, həmin layihəyə 2016-cı il oktyabrın 1-nə 619.8 milyon ABŞ dolları ayrılıb. Azərbaycan hökuməti bu layihənin gerçəkləşməsində çox maraqlıdır. Bu layihə Ermənistandan yan keçir.
ADNF-nin builki büdcəsində layihəyə əlavə olaraq 165 milyon 825 min manat ayrılıb.
Üstəlik, Azərbaycanın bu layihə ilə bağlı Gürcüstana da güzəştli kredit verdiyi bildirilir.