Növbəti 'Formula-1' hazırlıqları başlayıb

Bakıda Formula-1

«İldən-ilə xərclərimiz azalır, gəlirlərimiz isə artır».

«Formula-1 Avropa Qran-Prisi»nin promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəhbəri Nigar Arpadarai noyabrın 6-sı keçirilən mətbuat konfransında belə deyib.

O, Azərbaycanda üçüncü dəfə keçiriləcək yarışların xərclərinin əvvəlkilərdən az olacağını bildirib:

«Növbəti «Formula-1 Azərbaycan Qran Prisi»nin xərcləri az olacaq. Əvvəlki yarışmada quraşdırılmış pit binası sökülməyib. Təhlükəsizlik baryerləri də yerində saxlanıb. Əvvəlki yarışmalar zamanı alınmış qurğuları yenidən almağa lüzum olmayacaq».

N.Arpadarai həmçinin, qənbər daşlarının üzərinə çəkilən asfalt örtüyünün bəzi ərazilərdə sökülməməsinin də xərcləri azaldan amillərdən olduğunu ifadə edib.

UCUZ BİLET OLMAYACAQ...

Mətbuat konfransında bildirilib ki, «Formula-1 Azərbaycan Qran Prisi»ndə ucuz biletlər bundan sonra satışa çıxarılmayacaq. Bu qərar ucuz biletlərə marağın az olması, gözləntiləri doğrultmaması ilə izah edilib.

Gələn il keçiriləcək yarışda satışa ümumilikdə 30 min bilet çıxarılacaq.

AYAQÜSTÜ BİLETLƏR 60 MANATDAN BAŞLAYIR

Kampaniya dövründə 4-günlük biletlər 160-600 manata, azyaşlılara isə 120-420 manata təklif edilir.

Tədbirdə ayaqüstü zonalara birgünlük biletlərin qiymətləri də açıqlanıb. Belə biletlər cümə günü 60, şənbə günü 100, bazar günündən ötrü isə 150 manata təklif edilir.

«Formula-1 Azərbaycan Qran Prisi – 2018» aprelin 27-dən 29-na kimi Bakıda keçiriləcək.

XATIRLATMA

Azərbaycan 2016-cı ildən «Formula-1» Qran-pri yarışlarını təşkil edir.

Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan 2017-ci ildən sonra daha 3 il bu yarışları keçirməlidir. Azərbaycan rəsmilərinin sözlərinə görə, əks halda, razılaşmaya əsasən, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Bu il iyunun 23-dən 25-nə kimi Bakıda ikinci dəfə «Formula-1» yarışları keçirilib. Yarış zamanı şəhərin mərkəzi hissəsində vətəndaşların sərbəst hərəkətinə bəzi məhdudiyyətlər qoyulmuşdu.

Paytaxtın mərkəzi hissəsindən keçən 18 ictimai nəqliyyat marşrutunun hərəkət istiqaməti də dəyişdirilmişdi.

2016-cı il iyunun 17-dən 19-a kimi Azərbaycanda ilk «Formula-1» yarışları keçirilmişdi.

Ölkə müxalifəti bu yarışların Bakıda keçirilməsinin əleyhinədir. Onlar deyirlər ki, beynəlxalq yarışların təşkilinə ayrılan pullar xalqın ehtiyaclarına sərf edilməlidir.

Rəsmilər «Formula-1» Qran-pri yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamırlar.