Olimpiya bayrağı altında mübarizə aparan rusiyalı atletlər 2018-ci il Qış Olimpiya Oyunlarına məğlubiyyətlə başlayıb. Fevralın 8-də buz üstündə keçirilən kerlinq yarışında ABŞ-dan olan bacı -qardaş Matt və Becca Hamilton Rusiyadan Aleksandr Krushelnitckii və Anastasia Bryzgalova ər-arvad cütlüyünü 9-3 hesabıyla məğlub edib.
Cənubi Koreyanın Pxençxan şəhərində Qış Olimpiya oyunlarının açılış mərasimi fevralın 9-da keçiriləcək və fevralın 25-dək davam edəcək.
Bu dəfəki olimpiya oyunlarında iki geosiyasi məsələləyə bağlı məqam var. Birincisi, rusiyalı atletlərin “Rusiyadan Olimpiya Atletləri” (OAR) adı altında çıxış etməsidir. İkinci məsələ isə Şimali Koreyadan atletlərin Cənubi Koreyadan həmkarlarıyla bir komanda tərkibində yarışmaya qatılmasıdır.
Beynəlxalq Olimpiya Komitəsi dekabrda Rusiyanın Qış Olimpiadasında iştirakını qadağan edib, buna əsas kimi 2014-cü il Soçi oyunlarında Rusiya dövlətinin Olimpiya dopinq sistemiylə “misli görünməmiş həddə sistematik manipulyasiyası” göstərilib.
Rusiya ittihamları rədd edir.
Amma BOK Rusiyadan 169 atleti oyunlara buraxıb.