Deputat və oğlunun adı hallanan məhkəmədə 10 il həbs tələbi

H.Axundov

Deputat Elmira Axundovanın həm özü, həm də oğlu Həbib Axundovun adı keçən, Həbibin dostu Elnur İbrahimovun təqsirləndirildiyi cinayət işi üzrə yarım ildən çoxdur edən məhkəmədə istintaq başa çatıb. Yanvarın 14-də çıxış edən prokuror deyib ki, E.İbrahimova verilən külli miqdarda dələduzluq ittihamı məhkəmə istintaqı vaxtı sübuta yetirilib. O, E.İbrahimovun bu əməlinə görə 10 il azadlıqdan məhrum edilməsini istəyib.

H.Axundov da bu cinayət işi üzrə zərərçəkən qismində tanınıb. Amma başqa zərərçəkənlərin bir neçəsi əksinə, deputat oğlunu ittiham edib deyirlər ki, onlardan pulu Elnur yox, H.Axundov alıb qaytarmayıb.

Pullarının itirilməsinə görə H.Axundovu günahlandıran zərərçəkmişlərin bəzisinə dəymiş ziyanın bir qismini deputat və oğlu ödəyib. Bunu E.Axundova özü də mediaya açıqlamalarında təsdiqləyib.

Təqsirləndirilən E.İbrahimovla ailəvi dost olduqlarını E.Axundova da inkar etməyib.

E.İbrahimov uzun müddət axtarışda olduqdan sonra 2016-cı ilin oktyabrında Rusiyada saxlanılaraq Azərbaycana gətirilib. O, CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. İttihamda yazılıb ki, birgə katric biznesi adıyla pul aldığı adamlara ümumilikdə 1 milyondan çox ziyan vurub.

E.İbrahimov isə bildirir ki, həmin vəsaitlər ona birgə biznes üçün yox, sələmlə verilib və əksəriyyətinin də pulu qaytarılıb.