«UEFA Avropa Liqasının 2019-cu il mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur». Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin açıqlamasında yazılıb.
Açıqlamada vurğulanır ki, Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub. Mətbuat xidmətinin qeyd etməsinə görə, Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir: «Bu sırada Birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, illik əsasda keçirilən Formula-1 Bakı Qran prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə «Qarabağ»- «Çelsi» futbol oyunu qeyd oluna bilər».
XİN hesab edir ki, idman yarışlarını izləmək məqsədilə gələn çoxsaylı xarici ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunması, sabitlik, təhlükəsizlik və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qaldıqlarını bildiriblər.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlum sənədində isə qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında münaqişə ilə bağlı Dağlıq Qarabağ və təmas xəttinə getmək tövsiyə olunmur. Orada habelə bildirilib ki, Dağlıq Qarabağa rəsmi Bakı ilə razılaşmadan gedilərsə, Azərbaycana girişə icazə verilmir.
Tövsiyələrdə habelə, terrorçuların Azərbaycanda hücum törətmək ehtimalı istisna edilmir.
Sənəddə bütün bunlarla belə vurğulanıb ki, hər il Azərbaycana işgüzar məqsədlə 7 min Böyük Britaniya vətəndaşı gedir və onların səfərləri, əsasən, problemsiz ötüşür.
Xatırlatma
Mayın 29-da Bakının «Olimpiya» stadionunda UEFA Avropa Liqasının final qarşılaşması keçiriləcək. Finalda iki London ( İngiltərə) təmsilçisi – «Arsenal» və «Çelsi» üz-üzə gələcəklər.