Trump ‘münasib şəraitdə’ Rohani ilə görüşə biləcəyini deyir

Trump (solda) Fransa prezidenti Macron-un bir sıra diplomatik təşəbbüslərinin ardınca qarşıdan gələn həftələrdə iranlı həmkarı ilə görüşə biləcəyini deyib

ABŞ prezidenti Donald Trump deyib ki, “münasib və düzgün” şərait olarsa İran prezidenti Hassan Rohani ilə görüşə razı ola bilər.

Avqustun 26-da Böyük yeddilərin Biarritzdə keçirilən sammitində Trump deyib ki, o İranın nüvə silahına və ballistik raketlərə malik olmasını istəmir.

Trump Fransa prezidenti Macron-un bir sıra diplomatik təşəbbüslərinin ardınca deyib ki, qarşıdan gələn həftələrdə iranlı həmkarı ilə görüşə biləcəyini mümkün sayır.

Bundan əvvəl İranın xarici işlər naziri Mohammad Javad Zariflə söhbətinin ardınca Fransa prezidenti Emmanuel Macron ümid etdiyini bildirmişdi ki, bu danışıqların əsasında “biz qarşıdan gələn həftələrdə prezidentlər Trump və Rohani arasında sammitin baş vermısinə nail ola bilərik”.

Qarşıdan gələn həftələrdə

Jurnalistlərin prezident Macron-un bu sammitin mümkün vaxtı barədə dediklərinə münasibəti barədə sualına cavab olaraq Trump deyib ki, bu tamamilə mümkündür:

"Mən düşünürəm ki, o görüşmək istəyəcək. Mən düşünürəm ki, İran bu vəziyyətin düzəlməsini istəyir. Mən doğrudan da inanıram ki, İran möhtəşəm ölkə ola bilər. Amma onların nüvə silahı ola bilməz”.

Bununla belə Trump bir daha xəbərdarlıq edib ki, İran özünü aqressiv aparsa, “çox sərt qüvvə” ilə üzləşməli olacaq.

Trump ABŞ sanksiyalarına görə İrana kompensasiya verilməsi məsələsinə də toxunub:

"Yox biz pul vermirik…Onların bu çətin mərhələni aşmaq üçün pula ehtiyacı ola bilər. Əgər onların pula ehtiyacı olsa və bunun qarantiyası neft olsa…biz kredit məsələsini danışa bilərik. Bu, çoxsaylı ölkələrdən gələcək”.

Trump Zarif-lə görüşü ‘çox erkən’ sayır

ABŞ Prezidenti Donald Trump deyir ki, İranın xarici işlər naziri ilə görüş üçün “çox tezdir”.

“Mən İranın həqiqətən yaxşı, güclü olmasını istəyirəm, biz rejim dəyişikliyi istəmirik. Son 20 ildə bunun necə işlədiyini görmüşünüz, bu, çox da yaxşı olmayıb”, – Trump avqustun 25-da G7 sammitinin yekununda deyib.

Trump jurnalistlərə söyləyib ki, Zarif-in gələcəyindən xəbəri vardı və o, İranın nazirini görmək istəməyib.

“Məncə, görüşmək üçün çox tezdir”, – o vurğulayıb.

Zarif avqustun 25-də tvitində yazıb ki, Biarritz-də fransalı həmkarı və Macron ilə “konstruktiv” danışıqlar aparıb.


“Qarşıdakı yol çətindir. Ancaq sınamağa dəyər”, – o yazıb, Almaniya və Britaniya rəsmilərinə birgə brifinq verdiyini sözlərinə əlavə edib.

Fransa prezidentliyi danışıqları “müsbət” adlandırıb, müzakirələrin davam edəcəyini vurğulayıb.

İran Prezidenti Hassan Rohani xarici işlər nazirinin G7 sammitinə getməsini müdafiə edib, deyib ki, böhrandan çıxış yolunu müzakirə etməkdən ötrü istənilən yerə getməyə hazırdır.

“Danışmalıyıq, həll yolu tapmalıyıq, problemi həll etməliyik”, – Rohani avqustun 26-da televiziyayla çıxışında söyləyib.

***

Dünən – avqustun 25-də İranın Xarici işlər naziri G7 qrupunun Fransada keçirilən sammiti çərçivəsində görüşlərə qatılıb. “Reuters” agentliyi bu gözlənilməz addımın ABŞ Prezidenti Donald Trump ilə Qərb müttəfiqlərinin İran da daxil bir sıra məsələlər üzrə fikir ayrılıqlarının mövcud olduğu dönəmə düşməsinə diqqət çəkir.

Ağ evin rəsmisi deyib ki, Fransanın Mohammad Javad Zarif-i sammit çərçivəsində danışıqlara dəvət etməsi “sürpriz” olub.

Zarif fransalı həmkarı ilə Tehranla Vaşinqton arasında gərginliyi azaltmaq şərtlərini müzakirə edib. O, qısamüddətli səfəri zamanı Fransa Prezidenti Emmanuel Macron ilə də görüşüb, amma Ağ ev rəsmisi onun ABŞ-dan heç bir rəsmi ilə görüşmədiyini deyib.

Buna da bax: Türkiyənin ‘xəstə, hələ canı çıxmamış' demokratiyası – Qərb mediası

Vaşinqton ötən il İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. O vaxtdan Avropa liderləri İranla ABŞ arasında dərinləşməkdə olan qarşıdurmanı yumşaltmağa çalışırlar.

Bazar günü Trump Fransanın İranla vasitəçilik etmək cəhdləri ilə bağlı deyib ki, Parisin Tehranla əlaqə yaratmasından xoşbəxtdir, amma öz təşəbbüslərini həyata keçirəcək.

Nüvə sazişinin Yaxın Şərqi yenidən alovlandıra biləcəyindən ehtiyatlanan Macron gərginliyi azaltmaq təşəbbüsünü ələ alıb. O, cümə günü – G7 sammitindən öncə Zarif-lə görüşüb, böhranı yüngülləşdirmək, ABŞ sanksiyalarının təsirini azaltmaq, yaxud İrana kompensasiya mexanizmini müzakirə edib.

Buna da bax: Sərxoş turistlər Praqanı ‘işğal edir’

İran günə minimum 700 min barrel, idealda isə 1,5 milyon barrelədək neft ixrac etmək istəyir, bunu Qərbin nüvə sazişini xilas etmək cəhdlərinin əvəzində irəli sürür. Açıqlamana “Reuters”. İranın iki rəsmisi verib.

Ancaq agentlik bir avropalı diplomata istinadla yazır ki, şənbə günü G7 liderləri Trump-ın neft sanksiyalarından möhlət verməsinə nail ola bilməyiblər. İrandan neft alan bəzi ölkələrə verilmiş möhlət mayda bitib.