Ailəsindən prezidentə müraciət: Rafiq Tağının istintaqı yeni tərkibdə aparılsın

Rafiq Tağının məzarı,

Yazıçı Rafiq Tağının ailəsi Prezedent İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə müraciət edib.

Müraciətdə yazıçının qətlinin 9-cu ilinin yaxınlaşdığı xatırlanır və biıdirlir ki, onun qətlinin sifarişçiləri və icraçıları bu vaxtadək tapılmayıb:

“ Hətta şübhəli şəxs qismində bir nəfər belə istintaqa cəlb edilməyib. Bu cinayət işində istintaq qrupu 9 il ərzində tamamilə yararsız fəaliyyət, daha doğrusu, fəaliyyətsizlik sərgiləyib. Bu cinayət işinin yeni tərkibli istintaq qrupu tərəfindən aparılmasını məqsədəuyğun bilirik".

Yazıçının ailəsi yeni Baş prokuror K.Əliyevin ( 2020-ciil mayın 1-də bu vəzifəyə təyin edilib) bu işdə əzm göstərəcəyinə ümid edir:

"Köhnə tərkibli istintaq qrupu tam fəaliyyətsizlik sərgiləyib, istintaq hərəkətsizliyi edib. Hətta, zəng edib soruşmasaq, münasibətlərindən bu ağır qətl hadisəsini unudubmuşlar kimi təəssürat yaranır.”

Rafiq Tağı, AzadlıqRadiosunda, 24 dekabr 2010

Müraciət müəllifləri hesab edirlər ki, bu cinayət işinə yenidən baxılmalıdır:

“ Bu məsuliyyəti yeni tərkibdə, tərəfsiz və obyektiv istintaq qrupu öz üzərinə götürməlidir ".

Müraciətə, hələlik, Prezident Administrasiyası, Baş Prokurorluq və bu qurumun keçmiş rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Ölümü

Buna da bax: Rafiq Tağının ölümündən 8 il keçir

R.Tağını 2011-ci il noyabrın 19-da naməlum şəxslər yaşadığı binanın yaxınlığında bıçaqlayıblar. Bundan bir neçə gün sonra, noyabrın 23-də xəstəxanada qəfildən vəfat edib. O, ölümündən az əvvəl bıçaqlanmasını İran siyasi hakimiyyətini tənqid etməsi ilə bağlamışdı. Ancaq İranın Bakıdakı səfirliyi bu iddianı inkar edib. Səfirliyin həmin günlər yayılan bəyanatında vurğulanırdı ki, bu olayın bəzi kütləvi informasiya vasitələrində İranla bağlanması təxribatdır. Üstəlik, Azərbaycan hüquq-mühafizə orqanlarının bu cinayət işi ilə bağlı istintaqı, hələ ki, müsbət nəticə verməyib. Qatil və ya qatillər, qətlin sifarişçisi ( sifarişçiləri) məsuliyyətə cəlb edilməyiblər. Onun ailəsindən bildirildiyinə görə, dəvələrlə hakimiyyət orqanlarına bununla bağlı müraciət etsələr də, işdə dönüş olmayıb.

Ölümündən öncə həbsi...

Sizin brauzer HTML5-i dəstəkləmir

Rafiq Tağı vəfatından bir saat əvvəl

Rafiq Tağı «Sənət» qəzetində dərc edilən «Avropa və biz» publisistik yazısına görə 2006-cı ildə həbs edilmişdi. Bu yazıda müəllif azadlıq və humanizm ideyalarının Avropada yarandığını, yalnız burada işlək və real olduğunu açıqlayıb. Elə o üzdən də, xristianlığın Avropada oturuşmuş hala gəldiyi fikrinin üzərində dayanıb.

Bu məqaləyə görə, yazıçı həbs olunub və 3 il azadlıqdan məhrum edilib. R.Tağı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi və dini ədavətin qızışdırılması) maddəsi ilə təqsirli bilinib. Yazıçı ancaq 2007-ci il dekabrın 28-də prezidentin əfv fərmanı ilə azadlığa çıxa bilib. O zaman iranlı ayətullah Fazil Lənkəraninin Məhəmməd Peyğəmbəri təhqir etdiyi iddiası ilə onun ölümünə fitva verdiyi vurğulanırdı. O, Məhəmməd Peyğəmbəri təhqir etdiyi fikri ilə razılaşmırdı. 2011-ci il noyabrın 10-da R.Tağının «İran və qloballaşmanın qaçılmazlığı» adlı məqaləsi çap olunmuşdu. Noyabrın 19-da isə o, bıçaqlanmışdı.