ABŞ Nümayəndələr Palatasının Spikeri Nancy Pelosi avqustun 16-da deyib ki, palatanın iclasını çağırıb, Poçt Xidmətinə dəyişiklikləri qadağan edən qanunvericilik səsə qoyulacaq. Prezident Donald Trump-ın müttəfiqi olan yeni rabitə nazirinin təklif etdiyi islahatlar ölkədə böyük rezonans doğurub.
Palatada çoxluğa malik demokratlar narahatdırlar ki, islahatlar Poçt Xidmətinə zərbə vurar. Bu arada koronavirusa görə 3 noyabr prezident seçkisi zamanı səsvermə məntəqələrinə getmək istəməyənlərə poçtla səs vermək imkanının verilməsi götür-qoy olunur.
Bəzi rəy sorğularında rəqibi Joe Biden-dən geri qalan Trump deyib ki, poçtla bülletenlərin göndərilməsi saxtakarlığa səbəb olar. Bu, ölkədə qalmaqal yaradıb.
Prezident həmçinin poçtla səsverməyə maliyyənin artırılmasını önləməkdən ötrü yeni iqtisadi stimul paketi üzrə danışıqları yubadır.
Trump-ın tənqidçilərinin fikrincə, seçici sayının azlığı onun ikinci müddətə prezident seçilmə şansını artıra bilər. Ancaq seçki qərargahının başçısı Mark Meadows avqustun 16-da deyib ki, prezident seçici sayını azaltmağa çalışmır.
Milyonlarla amerikalı poçtla səs verməyə hazırlaşdığı bir məqamda Poçt Xidmətində ixtisarlar elan olunub.
Rabitə naziri Louis DeJoy iyunda bu vəzifəyə keçəndən “xərcləri azaltmaq və effektivliyi artırmaq” üçün bir sıra dəyişikliklər həyata keçirib.
Poçt Xidməti ötən ay bir çox ştatlarda seçki rəsmilərinə xəbərdarlıq edib ki, yeni qaydalara görə, noyabr seçkisində poçtla göndərilən bəzi bülletenləri vaxtında çatdırmaya bilər.
Bu gün – avqustun 17-də Demokratların Milli Qurultayında Joe Biden rəsmi namizəd kimi təsdiqlənməlidir.