Demokratların onlayn qurultayı başlanıb

Joe Biden (solda) və Donald Trump

Dünən axşam açılmış qurultay koronavirus pandemiyasına görə sonradan tamamilə onlayn formata keçib

Avqustun 17-də ABŞ-da Demokratlar Partiyasının onlayn qurultayı başlanıb. Qurultayda keçmiş birinci ledi Michelle Obama və namizədlik yarışına qatılmış Bernie Sanders çıxış edərək seçiciləri Prezident Donald Trump-ı və onun “bölücü siyasəti”ni rədd etməyə çağırıblar.

Dünən axşam açılmış qurultay koronavirus pandemiyasına görə sonradan tamamilə onlayn formata keçib.

Obama-nın sözlərinə görə, Trump dəfələrlə “ölkənin yanlış prezidenti” olduğunu göstərib. O, öncədən yazılmış çıxışında Trump-ı səriştəsiz, xaraktersiz şəxs kimi təsvir edib.

Buna da bax: Nümayəndələr Palatası yığışır

Xəbərdarlıq

Senator Bernie Sanders isə xəbərdarlıq edib ki, Trump “bizi avtoritarizm yoluna sürükləyir”.

Onun fikrincə, Birləşmiş Ştatların gələcəyi təhlükədədir və seçkidə Joe Biden-in seçilməsi ölkənin xilası üçün vacibdir.

“Dostlarım, uğursuzluğun bədəli təsəvvürə gəlməyəcək dərəcədə böyükdür”, – Sanders deyib.

Keçmiş vitse-prezident Biden bu həftənin sonuna namizəd kimi təsdiqlənməlidir. O, dünən axşamkı tədbirdə çıxış etməyib, ancaq Twitter-də şərh yazıb.

“Bu gecə amerikalıların bir araya gəlməyə hazır olduğunu, bizim böhranlara üstün gəlməyi bacardığımızı, həmişəkindən daha güclü ola biləcəyimizi gördük”, – Biden yazıb.

Buna da bax: Biden Kamala Harris-i vitse-prezident postuna namizədi elan edir

Trump-ın ittihamı

Prezident Trump isə avqustun 17-də Viskonsində seçki tədbiri keçirib. O, demokratların tədbiri hələ başlanmazdan onu “mürgü yeri” adlandırıb.

Trump Biden-i və onun vitse-prezident postuna namizədi Kamala Harris-i “ağılsız sosialist siyasəti” yürütmək cəhdində suçlayıb, xəbərdarlıq edib ki, 2020-ci il seçkisi indiyədək “ən təhlükəli” səsvermə olacaq.

“Bu seçkini ancaq o halda uduza bilərik ki, seçki saxtalaşdırılsın”, – Trump vurğulayıb.

Respublikaçılar avqustun 24-27-də qurultay keçirərək Trump-ı ikinci dönəm prezidentliyə namizəd göstərəcəklər.