Müxtəlif telekanallardakı proqramlarda təbliğ olunan həkim Cahid Şahbazov və işlədiyi klinika yalnış əməliyyata görə cəzalandırılıb. Bu barədə məhkəmə qərar çıxarıb.
Nazim Cəfərli gözlərindəki katarakt xəstəliyilə əlaqədar Oksigen Klinik Xəstəxanasında C.Şahbazovun yanına gedib. Onun sözlərinə görə, həkim müayinədən sonra deyib ki, gecikib, gərək 6 ay əvvəl gələydi, indi təcili əməliyyat olunmalıdır. Yoxsa gözünə "qara su" gələ, görmə qabiliyyətini itirə bilər. Hər dəfə bir gözündə olmaqla, iki dəfə "FAKO+IOL transplantasiyası" əməliyyatı aparılıb.
Təkrar əməliyyat mümkündür, amma...
N.Cəfərlinin sözlərinə görə, əməliyyatdan sonra hər iki gözündə görmə qabiliyyəti aşağı düşüb: "Gözümün qarşısında buludlar dolaşmağa başladı, düz xətlər yarandı. "Oksigen"dən əvvəl bir neçə klinikaya, o cümlədən, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə getmişdim. Orada müayinə edib dedilər ki, gözümün biri 80, o biri də 90 faiz görür. "Oksigen"də əməliyyatdan sonra mənə verilən epikrizdən məlum oldu ki, görməm 40 faizə düşüb. Cahid həkimə dedim, səbəbini izah edə bilmədi".
Buna da bax: Narkoloji xəstəxanada gərginlik: 'Baş həkim polislərlə reydə çıxır...'
N.Cəfərli bundan sonra Türkiyəyə müayinəyə gedib. Onun sözlərinə görə, orada həkim deyib ki, görmə qabiliyyəti 50 faizdən aşağı olanda əməliyyat aparılmalıydı. Yəni, onun gözləri əməliyyat olunmamalıydı. Türk həkim onu da bildirib ki, əməliyyat nəticəsində gözlərinə yerləşdirilmiş büllur (linza) trifokaldır, bu qəbildən olan linzaların 60 yaşdan yuxarı insanların gözünə yerləşdirilməsi məsləhət deyil: "Gözümün təzyiqini yoxlayıb dedi ki, normadan da aşağıdır. Bu halda "qara su" gəlmək ehtimalı sıfırdır. Təzyiq yuxarı olanda bu ehtimal var. Həkim dedi ki, mənim gözümdə təkrar əməliyyat mümkündür. Lakin gözün arxa pərdəsi lazerlə o qədər yonulub ki, nazik bir pərdə qalıb. Təkrar əməliyyat olsa, pərdə deşilə bilər. Pərdənin bərpa olunması da vaxt tələb edir".
Bakı Apellyasiya Məhkəməsi təzminatı artırıb
N.Cəfərli Türkiyədə klinikadan aldığı nəticələri gətirib Bakıdakı həkim C.Şahbazova göstərib, ondan həm əməliyyata xərclədiyini, həm də bundan sonra gözlərinin bərpası üçün lazım olan vəsaiti ödəməyi tələb edib. Amma həkim onunla razılaşmayıb: "Dedi ki, guya öz günahım ucbatından olub, riskli fiziki hərəkətlər etmişəm, nəticədə linzalar yerini dəyişib".
Buna da bax: 'Səhv diaqnoz nəticəsində görmə qabiliyyətimi itirdim'
N.Cəfərlinin sözlərinə görə, "Oksigen"də əməliyyatlara 3 min 200 manat, Türkiyədə müayinəyə isə 5 min dollar xərc çəkib. O, həm bu xərclərin, həm də gələcəkdə Almaniyada müalicə üçün 35 min avro, ora gediş-gəliş və qalmaq xərci olaraq 10 min dollar, mənəvi ziyana görə də 100 min manat təzminat tələbiylə həm klinikaya, həm də həkimə qarşı məhkəmədə iddia qaldırıb.
Nərimanov Rayon Məhkəməsi 3 min 200 manatlıq əməliyyat xərcinin klinika və həkimdən, mənəvi ziyana görə isə 5 min manatın yalnız həkimdən tutulması barədə qərar çıxarıb. Pasiyent bu qərarla razılaşmayaraq apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi təzminatı artırıb. Birinci instansiyanın müəyyənləşdirdiyi məbləğdən əlavə, Türkiyəyə təyyarə biletinə görə 255 manat, Türkiyədə müayinəyə görə 403 lirə, gələcəkdə yenidən əməliyyat üçün də 16 min 200 dollar ödənilməsinə qərar verib.
"Məsuliyyət də xəstənin üzərinə düşür"
Həm şikayətçi, həm də həkim bu qərardan narazı qalıb. Hər iki tərəf Ali Məhkəməyə şikayət versə də, sentyabrın 17-də işə baxan hakimlər qərarı dəyişməyib.
Buna da bax: Həkim 'Qarabağ müharibəsi veteranı' olmaq istəyir
C.Şahbazov bildirib ki, Bakı Apellyasiya Məhkəməsi öz qərarında onun texniki qüsura yol verdiyini yazır. Amma bu fikir əsassızdır, çünki bu məsələdə onun təqsiri olmayıb: "Hər iki gözə qoyulmuş trifokal linzaların dislokasiyası müxtəlif səbəblərdən yarana bilər. Bu, həkimin texniki qüsura yol verməsinə görə yaranmayıb. Əgər belə olsaydı, əməliyyatdan dərhal sonra onun görmə qabiliyyəti zəifləmiş olardı. Özü də etiraf edir ki, əməliyyatdan sonra görmə qabiliyyəti yaxşılaşıb, bir müddət keçəndən sonra problem yaranıb. Xəstəyə əməliyyatdan sonra necə davranmalı olduğu barədə təlimat verilib. Görünür, heç birinə əməl etməyib. Belə olan halda məsuliyyət də xəstənin üzərinə düşür".
Həkim hesab edir ki, məhkəmənin gələcəkdə yenidən əməliyyat üçün məhz "Acıbadem" Klinikasının qiymətlərini əsas götürməsi də doğru deyildi. Çünki bu, Türkiyədə ən bahalı klinikalardan biridir: "O əməliyyatı Türkiyədə keyfiyyət baxımından heç də geri qalmayan dövlət xəstəxanalarında daha ucuz qiymətə elətdirmək olar. Səhiyyə Nazirliyinin Xaricdə müalicə üzrə komissiyasının ölkə daxilindəki klinikalarda müalicənin mümkünsüzlüyü barədə rəyi də yoxdur".