Müsəlmanlar Fransaya qarşı etirazlar keçirir

Pakistanda etiraz aksiyası, 29 oktyabr, 2020-ci il

Banqladeşdə onminlərlə müsəlman etirazlara çıxaraq Fransa Prezidenti Emmanuel Makronu “dünyanın ən böyük terrorçusu” adlandırıb. Məhəmməd peyğəmbərin karikaturalarının dərci hüququnu Fransanın müdafiə etməsi müsəlmanları qəzəbləndirib.

Avropanın ən böyük müsəlman icmasının yaşadığı Fransa oktyabrın 30-da təhlükəsizlik səviyyəsini ən yüksək həddə qaldırıb. Bir gün öncə kilsəyə hücum zamanı üç nəfər bıçaqlanaraq öldürülüb. Makron bunu “islamçı terrorçu hücumu” adlandırıb.

İki həftə qabaq Parisin kənarında orta məktəb müəllimi ifadə azadlığı dərsində şagirdlərinə Məhəmməd peyğəmbərin karikaturalarını göstərib. Bundan sonra 18 yaşlı çeçen əsilli bir şəxs onun başını kəsib.

Buna da bax: Fransada kilsədə azı iki nəfər öldürülüb

Oktyabrın 30-da Dakka küçələrinə çıxan etirazçılar “Fransa məhsullarını boykot edin” şüarını səsləndirib, Makronu “dünyanın ən böyük terrorçusu” adlandırıb.

Fransa prezidenti deyib ki, ölkəsi “dəyərlərimiz, azadlıq zövqümüzə, torpağımızda inanc azadlığına malik olmaq qabiliyyətinə görə” hücuma məruz qalıb.

“Sizə güzəştə getməyəcəyik”, – Makron Nitsa şəhərində hücuma məruz qalmış kilsənin önündə deyib, ibadət yerləri və məktəblərin qorunmasına minlərlə əsgərin cəlb olunacağını vurğulayıb.

Braziliyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, qurbanlardan biri 44 yaşlı, üç uşaq anası braziliyalı qadındır. Nazirlik onun Fransa vətəndaşı olub-olmadığını açıqlamayıb.

Polisdəki mənbələrə görə, hücumda ağır yaralanmış qadın yaxınlıqdakı bara qaça bilib. O, aldığı çoxsaylı bıçaq zərbələrindən az sonra dünyasını dəyişib.

“Uşaqlarıma onları sevdiyimi deyin”, – BFM TV-nin məlumatına görə, qadın ölümündən qabaq bu sözləri deyib.


Buna da bax: Türkiyə Erdoğanın karikaturasına görə “hüquqi addımlar atacaq”

Şübhəlini polis yaralayıb

Hücum edən şəxs polis tərəfindən güllələnərək yaralanıb.

Nitsanın meri Kristian Estrosi deyib ki, şübhəli güllələnməmişdən öncə “Allahu Əkbər” (Allah böyükdür) qışqırıb.

Rəsmi orqanlar hücum edənin kimliyini açıqlamasa da, xəbər agentlikləri onun 21 yaşlı tunisli olduğunu yazırlar.

İslam dinində Məhəmməd peyğəmbərin şəklinin çəkilməsi küfr sayılır. 2015-ci ilin yanvarında “Charlie Hebdo” satirik dərgisində karikaturaların dərcindən sonra nəşrin Parisdəki redaksiyasına hücum olunmuş, 12 nəfər öldürülmüşdü. Bu hadisədən sonra da Fransada ekstremistlər tərəfindən bir neçə hücum həyata keçirilib.

Həmin hücumda təqsirləndirilən 14 nəfərin məhkəməsi ötən ay başlanıb. Məhkəmə başlanandan bir neçə gün sonra Pakistandan 18 yaşlı bir nəfər “Charlie Hebdo”nun keçmiş redaksiyası yaxınlığında iki nəfərə ət baltasıyla ağır xəsarət yetirib.