“The Associated Press” agentliyi yazır ki, zəlzələdən kiminsə sağ qalacağına ümidin kəsilməsinə baxmayaraq, noyabrın 3-də İzmirdə xilasedicilər 3 yaşlı qızcığazı dağıntılar altından çıxarıblar.
Termal yorğana bürünmüş qızcığaz ambulansa götürülüb, xilasedicilər və yaxınlıqdakılar “Allah böyükdür!” deyə qışqırıblar.
Səhiyyə naziri Fahrettin Koca Twitter-də 3 yaşlı qızcığazın Ayda Gezgin olduğunu yazıb, onun ambulans içərisindən videosunu paylaşıb. Uşaq dağıntılar altında 91 saat qalıb. O, xilas edilən 107-ci şəxsdir.
Xilasedici Nusrət Aksoy jurnalistlərə deyib ki, səkkizmərtəbəli binanın dağıntıları altından uşaq çığırtısı eşidib, hamını sakit olmağa çağırıb. Qız qabyuyan maşının yanına sıxılmış vəziyyətdə aşkarlanıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qız ona əl edərək adını söyləyib, yaxşı olduğunu deyib.
“Bədənimdən gizilti keçdi, həmkarım Əhməd isə ağladı”, – o vurğulayıb.
Daha öncə İzmirdə 3 yaşlı və 14 yaşlı qızlar dağılmış binaların altından salamat çıxarılıb.
Rəsmiləri 147 nəfərin hələ də xəstəxanada, üçünün vəziyyətinin ağır olduğunu bildirir.
***
İzmirdə zəlzələdə ölənlərin sayı 98 oldu
Ötən cümə günü Egey dənizində zəlzələdə həlak olanların sayı 100-ə çatıb. Onlardan 98 nəfəri Türkiyənin qərbindəki İzmir şəhərindədir.
Buna da bax: Vyanada 'terror hücumu'nda azı 3 nəfər öldürülüb
Yunanıstanın Samos adasında isə iki yeniyetmə həyatını itirib.
Bu, son 10 ildə Türkiyədə ən çox insan itkisi ilə sonuclanmış zəlzələdir.
İzmirdə 994 nəfər xəsarət alıb, onlardan 147-si hələ də müalicə olunur. Yerli orqanlar axtarış- xilasetmə işlərinin davam etdiyini bildirirlər.
Türkiyədə müvəqqəti sığınacaq kimi 3 min 500-dən çox çadır qurulub, 13 min çarpayı ayrılıb.
Türkiyə seysmik zonada yerləşir. 2011-ci ildə şərqi Van şəhərində zəlzələdə 500-dən çox ölən olmuşdu. Bu ilin yanvarında isə şərqi Elazığ vilayətində zəlzələ 41 nəfərin həyatına son qoyub.
1999-cu ildə Türkiyənin şimal-qərbində isə iki güclü yeraltı təkan nəticəsində 18 min nəfər həyatını itirib.
Cümə günü zəlzələsinin 6.6 bal gücündə olduğu, 1400 təkanın hiss olunduğu bildirilir.