Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3646 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu məlumatı noyabrın 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 34 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 98927 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 65734 nəfər müalicə olunaraq sağalıb, 1194 nəfər vəfat edib, aktiv xəstə sayı 31999 nəfərdir".
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 14358, ötən müddət ərzində isə ümumilikdə 1631597 test aparılıb.
Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Son həftələr belə xəstələrin sayının artdığı söylənir. Amma bu dinamika rəsmi olaraq, hələlik, təsdiqlənməyib.
Azərbaycanda bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 400 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.