Azərbaycan-Rusiya sərhədi martın 1-dək bağlı qalacaq

Sərhəd, arxiv foto

Rusiya ilə Azərbaycan arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin mart ayının 1-dək bağlı olacaq.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Məlumatda bu hər iki ölkədə koronavirusa yoluxanların sayının kəskin artması və üstəlik, Azərbaycanda sərt karantin tədbirlərinin tətbiqi ilə izah edilib.

Səfirlik qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun, məişət şəraitinin olmamasını qeyd edərək və ciddi problemlərlə üzləşməmək üçün Azərbaycan vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi xahiş edib.

İki ölkə arasında vətəndaşların qarşılıqlı səfərləri koronvirus səbəbi ilə hökumətlərin danışıqları əsasında bu il martın 18-i, saat 00.00-dan etibarən dayandırılıb.

Azərbaycanda martın 24 -dən isə karantin rejimidir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda isə ümumilikdə 195 min 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktının müəyyən edildiyi, onlardan 2 min 133 nəfərin vəfat etdiyi açıqlanıb.