ABŞ və İran rəsmiləri aprelin 6-da Vyanada AB-nin vasitəçiliyi ilə danışıqlardan gözləntilərin böyük olmadığını deyirlər. Bu danışıqlar Vaşinqtonda hakimiyyət dəyişikliyindən sonra 2015-ci il nüvə sazişini dirçəltməyi hədəfləyən ilk birbaşa təmas sayılır.
Vaşinqton görüşlərin “çətin” keçəcəyini bildirib, hər hansı irəliləyişin olmayacağını deyib. Tehran isə hansısa addımı atması üçün ABŞ-ın sanksiyaları qaldırmasıyla bağlı tələbini bir daha dilə gətirib.
Buna da bax: İran deyir ki, sanksiyalar qaldırılmasa danışıqlarda iştirak etməyəcək
ABŞ və İran rəsmiləri Vyana danışıqlarına qatılacaqlar, Avropa rəsmiləri isə vasitəçilik edəcək.
Nüvə sazişinə Britaniya, Çin, Almaniya, Rusiya, Birləşmiş Ştatlar və İran imza atıb.
“Sazişin digər tərəflərinin nə edəcəyi öz işləridir. Birləşmiş Ştatlarla harada və necə danışıq aparmağı özləri bilərlər. İranın nümayəndə heyəti Vyanada ABŞ tərəfi ilə hər hansı səviyyədə danışıq aparmayacaq”, – Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə görüşdən bir neçə saat öncə deyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
“Müzakirələrin çətin keçəcəyini gözləyirik”
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays aprelin 5-də bildirib ki, Birləşmiş Ştatlar “qarşıdakı çətinliklərin miqyasını azaltmır”.
“İş təzə başlayıb. Belə tez, yaxud dərhal irəliləyiş gözləmirik, bu müzakirələrin çətin keçəcəyini gözləyirik”, – Prays vurğulayıb.
Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona iqtisadi sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu. Tehran isə nüvə proqramının dinc məqsədli olduğunu bildirir.
Birləşmiş Ştatlar 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxaraq iqtisadi sanksiyaları bərpa edib. İran da buna saziş öhdəliklərindən tədricən geri çəkilməklə cavab verib, uranı sənəddə nəzərdə tutulduğundan daha yüksək səviyyədə zənginləşdirməyə başlayıb.
ABŞ Prezidenti Co Bayden isə sazişi dirçəltməyə hazır olduğunu desə də, administrasiyası öncə İranın öhdəliklərə əməl etməsini şərt qoyur.
“Bircə addımımız var”
Tehran bildirir ki, ilk öncə ABŞ sanksiyaları ləğv olunmalıdır.
“Vyana görüşündə qaldıracağımız məsələ ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi olacaq… Ali dini liderimizin dəfələrlə dediyi kimi, bundan az heç bir şeyi Tehran qəbul etməyəcək”, – “Reuters” aprelin 6-da adını çəkmədiyi İran rəsmisinə istinadla yazıb.
İran məhdudiyyətlərin “addım-addım” qaldırılmasını rədd edir.
“Bircə addımımız var, o da ABŞ-ın bütün sanksiyalarının ləğvidir”, – Xətibzadə aprelin 5-də Tehranda deyib.
Praysın deməsinə görə, Birləşmiş Ştatlar sanksiyaların ləğvini nəzərdən keçirməyə hazırdır, amma yalnız nüvə məsələsinə aid olanları.
Dörd nüvə ölkəsi üstəgəl Almaniya, yəni 4+1 formatı Birləşmiş Ştatların sazişə qayıtmasını istəyir, amma bu yolda texniki və siyasi əngəllər qalır.