Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 123 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 406 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün, iyunun 4-də verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər də vəfat edib.
Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 334 min 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 min 269-u sağalıb, 4 min 933-ü vəfat edib, aktiv xəstə sayı isə 3 min 337-ə düşüb.
Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 min 585, indiyə qədər isə ümumilikdə 3 milyon 551 min 620 test icra olunub.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.