Avqustun 24-də Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) Bakıda Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Partiya fəallarının sözlərinə görə, aksiyanın səbəbi ADR-in qeydiyyata alınması ilə bağlı müraciətə üç dəfə imtina cavabının verilməsidir.
Aksiya iştirakçıları "Ədliyyə Nazirliyi ADR partiyasını qeydiyyata al" şüarı səsləndiriblər, "Ədliyyə Nazirliyi Konstitusiyaya əməl et" yazılmış plakatı qaldırıblar.
"Şəxsən İlham Əliyev göstəriş verib ki…"
Onlar qeyd edib ki, son bir ildə Ədliyyə Nazirliyi doqquz siyasi partiyanı qeydiyyata alıb. "Biz danışığa getmirik deyə, bizi qeydiyyata almırlar, bu prosesi uzadırlar. Biz heç bir danışıqlara getməyəcəyik. Biz piketlər keçirəcəyik, sonra da məhkəməyə müraciət edəcəyik. Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəyik. Şəxsən İlham Əliyev göstəriş verib ki, partiyamızı qeydiyyata almasınlar", - aksiyaçılardan biri söyləyib.
Onların sözlərinə görə, qeydiyyata imtina qanunsuzdur və siyasi məqsəd daşıyır: "Siyasi partiyalar haqqında qanuna görə, dövlət siyasi partiyalara normal şərait yaratmalıdır. Ancaq biz bunu görmürük. Qeydiyyatla bağlı üç dəfə müraciət etmişik, hər dəfə bir bəhanəylə sənədlərimizi geri qaytarırlar. ADR guya öz nizamnaməsində seçkilərdə iştirakla bağlı əsasları göstərməyib. Bu, həqiqətəuyğun deyil".
Ədliyyə Nazirliyinin nümayəndəsi aksiya iştirakçılarının qarşısına çıxaraq onlardan iki nəfəri nazirliyə dəvət edib.
Daha sonra aksiya iştirakçıları qətnamə oxuyublar. Aksiya insidentsiz başa çatıb.
Aksiyada səslənən fikirlərə, hələlik, Ədliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma hakimiyyət rəsmiləri, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə bütün siyasi qüvvələrə bərabər və hərtərəfli şərait yaradılıb. Azərbaycanda 50 civarında siyasi partiya qeydiyyatdan keçib.
Xatırlatma
İqtisadçı Qubad İbadoğlunun sədrlik etdiyi partiya 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb. Təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib, sənədlər həmin il noyabrın 11-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilib.