İyulun əvvəlində xəstə atasına baş çəkmək üçün Almaniyadan Bakıya gəldiyi deyilən və həmin ayın 25-də həbs olunan Anar Əliyevin oktyabrın 3-dən quru aclığa başladığı bildirilir.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində tutulan A.Əliyev aclığa səbəb kimi qurama ittihamla üzləşməsini, ailəsinin ölkədən çıxışına məhdudiyyət qoyulmasını və 6-yaşlı qızının şəxsiyyət sənədlərinin düzəldilməməsini göstərib.
Vəkil qeyd edib ki, A.Əliyev hazırkı vaxtadək həkim müayinəsindən keçirilməyib.
Bu deyilənlər ilə bağlı, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Buna da bax: Almaniyadan deportasiya olunan daha bir fəala 7 il həbs cəzası kəsildiA.Əliyev barəsində Cinayət Məcəlləsinin 234.4.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələri,... hazırlama,... göndərmə və ya satma) və 234.4.3 (küllü miqdarda) maddələri ilə cinayət işi qaldırılıb. Bu maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.
A.Əliyev özü bu ittihamları rədd edir və şərləndiyini deyir. Daxili İşlər Nazirliyindən isə A.Əliyevin konkret cinayət əməlində şübhəli bilindiyi üçün istintaqa cəlb olunduğu bildirilib.
Anar Əliyev haqqında
A.Əliyevin xanımı Anarə Əliyeva AzadlıqRadiosuna demişdi ki, ailəlikcə 2016-cı ildə Almaniyaya köçüblər: "Biz siyasi oturum, yəni, yaşayış izni almamışıq. Mən, həyat yoldaşım işlədiyimizə və peşə təhsili aldığımıza görə iş oturumu almışıq. Düzdür, yoldaşım bir müddət orada siyasi fəaliyyətlə məşğul olub, aksiyalarda iştirak edib, amma təhqirə yol verməyib, normal şəkildə etirazını bildirib…".
Buna da bax: Almaniyadan deportasiya edilən siyasi mühacirə 6 il həbs cəzası kəsildiXatırlatma
Son illər readmissiya sazişinə əsasən, Almaniyadan yüzlərcə mühacir Azərbaycana qaytarılıb. Sonradan onların beşi narkotik və başqa qanunsuz əməllərdə günahlandırılaraq həbs edilib.
Həmin şəxslərin yaxınları həbsləri siyasi sifariş kimi təqdim edirlər. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.
Readmissiya dedikdə, saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisində qeyri qanuni yaşadığı aşkarlanan şəxslərin mənşə dövlət tərəfindən qəbulu nəzərdə tutulur.