2021-ci ildə 944 nəfər Azərbaycan Respublikası vətəndaşlığından çıxıb. Bu göstərici 2020-ci ildə 561 nəfər idi. Yəni, bir il ərzində Azərbaycan vətəndaşlığından çıxanların sayı 68 faiz artıb.
2019-cu ildə isə Azərbaycan Respublikası vətəndaşlığından çıxmaqla bağlı 449 müraciət qeydə alınıb. Bu haqda hökumətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı parlamentə hesabatında qeyd olunub.
Qanun nə deyir
Azərbaycanda vətəndaşlıqdan çıxmaqla bağlı məsələlər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunla tənzimlənir.
Bir şəxsin ölkə vətəndaşlığından çıxması bir neçə halda baş verə bilər. Bunlardan ilki şəxsin özünün müraciətidir. Bu tip hallarda əsasən başqa ölkələrin vətəndaşlığına keçmiş şəxslər vətəndaşlıqdan çıxmaq üçün, həm də ölkə prezidentinə müraciət edir. Daha sonra onun dövlət qarşısında vergi, hərbi xidmət, mülki öhdəliyi, cinayət məsuliyyətinin olub-olmadığı yoxlanır.
Qanuna görə, vətəndaşlıqdan çıxmaq istəyən şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya ölkədəki hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Bu baxımdan, yuxarıda qeyd edilən 944 rəqəmi məhz öz müraciəti əsasında vətəndaşlıqdan çıxanların sayını göstərir.
Buna da bax: Aşqabad Türkmənistan-Rusiya ikili vətəndaşlığı olanlara pasport verəcəkVətəndaşlıqdan çıxarılanlar da var
Qanunda vətəndaşlıqdan çıxmaqla yanaşı, vətəndaşlığın itirilməsi halları üzrə də maddələr mövcuddur.
Xatırladaq ki, 2016-cı ilə qədər Azərbaycanda hər hansı bir şəxsin vətəndaşlıqdan çıxarılmasına icazə verilmirdi. Referendumla Konstitusiyaya edilən dəyişikliyə əsasən qanunla müəyyən edilmiş hallarda şəxs Azərbaycan vətəndaşlığını itirə bilər.
Aşağıdakı hallar şəxsin Azərbaycan vətəndaşlığından çıxarılmasına əsas ola bilər:
1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi;
3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi;
4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
2018-ci ildə 188 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb. Həmin şəxslər dini ekstremist fəaliyyətlə məşğul olmaqda təqsirləndiriliblər.
Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatından bəlli olur ki, həmin il iki şəxs, 2020-ci ildə isə bir nəfər Azərbaycan Respublikası vətəndaşlığını itirib.
Buna da bax: Diasporaya Ermənistan pasportlarının verilməsi çətinləşdirilə bilərAzərbaycan vətəndaşlığına qəbul olanların sayı da artıb
2021-ci ildə Azərbaycan vətəndaşlığına qəbul edilənlərin də sayında artım qeydə alınıb.
Ötən il 596 nəfərə Azərbaycan vətəndaşlığı verilib. 2020-ci ildə bu rəqəm 409-a bərabər idi. Yəni, son bir ildə bu sahədə 46 faiz artım olub.
2019-cu ildə Azərbaycan vətəndaşlığı verilmiş şəxslərin sayı daha yüksək – 599 nəfər idi. 2021-ci ildə daha 15 nəfər Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilib.
Dövlət Miqrasiya Xidmətinin açıqlamasına görə, 2008-ci ildən bəri toplam 2076 nəfərə Azərbaycan vətəndaşlığı verilib. Daha 5953 nəfərin isə Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb.
Azərbaycanda yaşayan xaricilərin də sayı artıb
2021-ci ildə Azərbaycanda yaşayan əcnəbilərin də sayında artım qeydə alınıb. 2022-ci ilin əvvəlinə Azərbaycanda qanuni əsaslarla 128 min 300 xarici ölkə vətəndaşı yaşayır. 2020-ci ilin sonunda bu rəqəm 58 min 500 nəfərə bərabər idi. Yəni, 2021-ci ildə Azərbaycanda qanuni əsaslarla yaşamağa başlayan xaricilərin sayı iki dəfədən çox artıb.
Bu statistikaya həm də 15 günə qədər ölkəyə qısamüddətli səfər edən şəxslər daxildir. Çünki 15 günə qədər ölkəyə səfər edən şəxslər qeydiyyata düşməlidirlər. Həmin göstəricinin təqribən 12-13 faizi 15 günə qədər qalanlardır, digərləri isə müvafiq yaşama icazələri olan və qeydiyyata düşən şəxslərdir.
Qeyd edək ki, Azərbaycanda yaşayan əcnəbilərin sayında 2020-ci ildə qeydə alınan rəqəmə pandemiya məhdudiyyətlərinin də təsiri var. Çünki 2019-cu ildə Azərbaycandakı əcnəbilərin sayı 110 mindən çox idi.