"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin keçmiş sədri Vidadi Muradov həbsdən buraxılıb.
Bu barədə yayılan məlumatları bu gün, noyabrın 1-də Penitensiar Xidmətdən "Turan"a da təsdiq ediblər.
Yerli saytlarda yayılan məlumatlarda qeyd edilir ki, V.Muradov xəstəliyi ilə bağlı müalicə aldığına görə Bakı Ağır Cinayətlər Məhkəməsi barəsində həbs-qətimkan tədbirini dəyişdirib.
Bu işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi ilə, hələlik, danışmaq mümkün olmayıb.
Buna da bax: Bir il əvvəl qətlə görə 17 il cəza almış DTX polkovniki azadlığa buraxıldıV.Muradov bu ilin əvvəlində həbs edilərək işdən çıxarılıb. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
Baş Prokurorluq bildirib ki, istintaq zamanı V.Muradov və onun ailə üzvlərinin adlarına olan, ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış, qeyri-yaşayış sahələri, "Azər-İlmə" MMC-nin səhm paylarının, aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.
İttihama, hələlik, V.Muradov, onun ailə üzvləri və vəkilindən ayrıca münasibət almaq mümkün olmayıb.
Buna da bax: DTX-nın əməliyyatı ilə həbs olunan polkovnik azadlığa buraxıldıXatırlatma
V.Muradov prezidentin 2016-ci il iyunun 10-da imzaladığı sərəncamı ilə "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri təyin olunmuşdu. "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" (2014) fəxri adı, "Şöhrət" ordeni (2016) və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (2019) ilə təltif edilib.
"Azərxalça" ASC 2016-cı ilin mayında prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Cəmiyyətin əsas vəzifəsi xalça istehsalı, ixracı, onların ölkə daxilində, xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadədir.