ABŞ administrasiyası Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpa olunmasında istifadə etmək məqsədilə müsadirə olunması üçün ölkə Konqresinin verdiyi yeni səlahiyyətlərdən tam faydalanmaq niyyətindədir.
Bunu ABŞ dövlət katibi Antoni Blinken mayın 14-də Kiyevdə prezident Volodimir Zelenski ilə danışıqlarının nəticələrinə həsr olunmuş mətbuat konfransında bəyan edib.
Blinkenin sözlərinə görə Vaşinqton G7 qrupundan olan partnyorları ilə birlikdə Rusiyanın dondurulmuş vəsaitlərindən Ukraynaya dəymiş ziyanın aradan qaldırılması üçün istifadə olunması təşəbbüsü üzərində işləyir.
Blinken habelə deyib ki, ABŞ yeni hərbi yardımının bir hissəsi artıq Ukraynaya çatdırılıb, qalan hissəsi isə artıq yoldadır.
Dövlət katibi əmin olduğunu bildirib ki, ABŞ-ın hərbi yardımı çətin zaman yaşayan Ukraynaya dəstək verəcək və döyüş meydanında vəziyyətin dəyişməsinə imkan yaradacaq.
Blinken bunu da vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynanı NATO üzvlüyünə yaxınlaşdırmaqdadır.
Buna da bax: Ukrayna kəşfiyyatının başçısı: 'Rusiyalıların hücumu elə də uğurlu deyil'Xarkov vilayətinin müdafiəsi üçün Patriot raketləri
Volodimir Zelenski isə danışıqların nəticələri barədə teleqram kanalında yazıb. O qeyd edib ki, dövlət katibi ilə müdafiə sahəsində gələcək əməkdaşlığı müzakirə edib.
Onun sözlərinə görə danışıqlarda söhbət habelə Patriot hava hücumundan müdafiə sistemlərindən də gedib.
Zelenski vurğulayıb ki, iki belə qurğu Xarkov vilayətinin müdafiəsini əhəmiyyətli dərəcədə təmin edə bilərdi.
Burada Rusiya son günlərdə genişmiqyaslı hücum əməliyyatları keçirir və Xarkov şəhəri fasiləsiz bombardman edilir.
Politico portalı bugünlərdə yazırdı ki, Kreml böyük bir ehtimalla Ukraynanın silahla təchizatında yaranmış fasilədən tam fürsətlənməyə çalışacaq.
Sayt qeyd edirdi ki, əgər Rusiya Xarkov vilayətində əhəmiyyətli uğur qazana bilsə, müttəfiqləri Moskva ilə danışıqlara getməsi üçün Kiyevə təzyiq göstərə bilərlər.
Blinken Polşadan gecə qatarı ilə Ukraynaya gəlib
Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinken Kiyevə əvvəlcədən elan olunmamış səfər edib. Səfər zamanı o, Birləşmiş Ştatların Ukraynaya hərbi yardım göstərməsi məsələlərini müzakirə etmək niyyətindədir, - Dövlət Departamenti bildirib .
Blinkenin özü X sosial şəbəkəsində yazıb: "Mən bu gün (mayın 14-də) Kiyevə qayıtdım ki, Ukrayna Rusiya təcavüzünə qarşı öz azadlığını müdafiə edərkən onlara sarsılmaz dəstəyimizi nümayiş etdirək".
Blinken Polşadan gecə qatarla gəlib və tezliklə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməlidir.
"İlk növbədə, bu səfər həm şərq cəbhəsindəki döyüşlər, həm də Rusiya qoşunlarının Xarkov vilayətində sərhədyanı hücumlarını genişləndirməsi səbəbindən açıq-aydın çox çətin vəziyyətdə olan ukraynalılara aydın mesaj vermək məqsədi daşıyır", - ABŞ rəsmisi jurnalistlərə bildirib.
Bu, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Blinkenin Kiyevə dördüncü, Konqres aprelin sonunda Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini təsdiqlədikdən sonra isə ilk səfəridir.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 8 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı.
Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.
Müharibə nəticəsində bir neçə yüz min nəfərin həlak olduğu, milyonlarla dinc sakinin qaçqın düşdüyü bildirilir.