Türkmənistan koronavirusa rəsmən heç bir yoluxmanın qeydə alınmadığını bildirsə də, COVID-19 qadağaları üzündən 2021-ci il Trek Veloyürüşü üzrə Dünya Çempionatına ev sahibliyi etməyəcək.
Prezident Qurbanqulu Berdimuhamedovun avtoritar idarəçiliyinə baxmayaraq, çempionatın bu ölkədə keçirilməsi nəzərdə tutulurdu.
Beynəlxalq Velosipedçilər Birliyi (UCI) iyunun 3-də bildirib ki, 13-17 oktyabr tarixlərində Aşqabada planlaşdırılan tədbir “təşkilatçıların xahişilə təxirə salınıb, çünki COVID-19 pandemiyası ilə əlaqədar səhiyyə qadağaları və məhdudiyyətlər bu tədbirin ölkədə keçirilməsini qeyri-mümkün edir”.
UCI bir neçə potensial alternativ təşkilatçı ilə kontaktda olduğunu, tədbiri başqa yerə keçirməyi nəzərdə tutduğunu bildirir. “Yarışın keçiriləcəyi şəhərin adı mümkün qədər tez razılaşdırılacaq”, – açıqlamada deyilir.
Bir həftə öncə isə Belarusda Avropa Trek Veloyürüşü Çempionatı təxirə salınıb. Buna Minskin mayın 23-də Ryanair təyyarəsini zorla endirərək müxalifətçi jurnalist Raman Prataseviç və sevgilisini həbs etməsi səbəb olub.