'Prezidentə müraciət edəndə niyə Elmira Axundovadan icazə almalıyıq?'

Elmira Axundova

►"Biz prezidentə, parlament sədrinə şikayət məktubu göndərəndə məgər Elmira Axundovadan icazə almalıyıq?"

DEPUTAT OĞLUNDAN 600 MİN MANAT TƏZMİNAT İSTƏNİLİR

Bunu deputat Elmira Axundovanın oğlundan şikayətçi olan şəxslər Binəqədi Rayon Məhkəməsində deyib.

Məhkəmədə deputatın oğlu Həbib Axundovun onun tərəfindən aldadıldığını iddia edən və bu barədə dövlət orqanlarına şikayət məktubu göndərən, mediaya açıqlamalar verən vətəndaşlara qarşı şərəf və ləyaqətin müdafiəsinə dair iddiasına baxılır.

Həbib Axundov həmin vətəndaşlardan (Elvin Vəliyev, Ziya Vəliyev, Fərman Məmmədov, Sabir Hacıyev və Şahin Məhərrəmov) üzr istəməyi, təkzib verməyi və 150 min manat da təzminat tələb edir.

Cavabdehlərdən Fərman Məmmədov da məhkəmənin gedişində qarşılıqlı iddia qaldırıb, o isə təhqir və böhtana görə deputat oğlundan 600 min manat təzminat tələb edir.

İyulun 29-da keçirilən məhkəmə iclasında Elmira Axundova da bu prosesə qoşulub. Deputatın nümayəndəsi Rövşən Yusifov onun müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınması üçün məhkəməyə iddia ərizəsi təqdim edib. Hakim Bəylər Ələkbərov iddianı icraata qəbul edib.

Buna da bax: Deputat özü barədə hansı səs yazılarının ləğvini tələb edir?

100 MİN MANAT, ÜZRXAHLIQ VƏ TƏZMİNAT

Deputat iddiasında oğlundan şikayət edən vətəndaşlardan 100 min manat təzminat, üzrlə yanaşı, həm də prezidentə, Milli Məclisə və digər qurumlara təkzib məktubu göndərməyi tələb edir. Eyni zamanda, istəyir ki, məhkəmə ondan və oğlundan şikayət edən şəxslərin üzərinə onlarda olan səs yazıları, fotoşəkillərin ləğvi və istifadəsinin qadağan edilməsi barədə vəzifə qoysun. Bununla da kifayətlənməyən deputatın daha bir tələbi şikayətçilərin barəsində cinayət işi başlanması üçün xüsusi qərardad qəbul olunub prokurorluğa göndərilməsi haqdadır.

"Uzun müddətdir ki, mən cavabdehlərin hədəf obyektinə çevrilmişəm. Onlar respublika rəhbərliyinə, mənim iş yerimə, müxtəlif idarələrə yalan və böhtan dolu ərizələrlə müraciət edərək, məni hörmətdən salır, işgüzar nüfuzuma zərər vurur, məni müxtəlif cinayətlər törətməkdə suçlandırırlar", – Elmira Axundova iddia ərizəsində yazır.

Özünün heç vaxt bizneslə məşğul olmadığını deyən deputatın sözlərinə görə, Fərman Məmmədov və digərlərini də onun oğlu yox, Elnur İbrahimov aldadıb. Elmira Axundova qeyd edir ki, Elnur İbrahimov başqaları ilə yanaşı, onun oğlunu da aldadaraq, 340 min manatını mənimsəyib.

Buna da bax: Deputat oğlunun məhkəməsində telefon söhbəti

“HARDA YAZILIB Kİ, İCAZƏ ALMALIYIQ”

Cavabdeh tərəf deputatın iddianın icraata qəbul edilməsinə etiraz etməyib. Amma cavabdehlərin nümayəndəsi Tahir Əlirzayev iddiadakı tələblərdən biri - Prezidentə, Milli Məclisin sədrinə təkzib məktubu göndərilməsilə əlaqədar vəsatət qaldırıb. Vəkil vəsatətdə prezidentin və parlament sədrinin üçüncü şəxs qismində məhkəməyə cəlb edilməsi məsələsini qaldırıb:

"Bir halda ki, Elmira xanım bizdən cənab Prezidentə, Oqtay Əsədova təkzib məktubu göndərməyi tələb edir, onda bu məsələ mütləq əsaslandırılmalıdır. Bilməliyik ki, biz niyə bu şəxslərə təkzib məktubu göndəririk. Bunun üçün də həmin mötəbər şəxslər üçüncü şəxs qismində prosesə cəlb olunmalı, fikirlərini bildirməlidilər".

Məhkəmə iclasında deputat və oğlundan şikayətçi olan vətəndaşlardan Fərman Məmmədov və Elvin Məmmədov iştirak edirdi. Onlar da vəkilin vəsatətini müdafiə edib.

"Harda yazılıb ki, biz prezidentə, parlament sədrinə müraciət edəndə, dərdimizi deyəndə Elmira Axundovadan icazə almalıyıq?", Elvin Vəliyev bildirib.

“TƏKZİB LAZIM OLSA, İSTƏYƏRLƏR”

Fərman Məmmədov da bu məsələnin absurd olduğunu bildirib: "Elmira Axundova prezidentin, parlament sədrinin yerinə niyə danışır? Təkzib lazım olsa, onlar istəyər. Bu nə deməkdir ki, prezidentə yazılan şikayət məktubuna görə təkzib verilsin? Xahiş edirəm, bu məsələlərə aydınlıq gətirilsin".

Vəsatətin müzakirəsi növbəti məhkəmə iclasına qalıb. Növbəti iclas isə avqustun 19-na təyin olunub.

Qeyd edək ki, Elmira Axundova oğlundan şikayətçi olan şəxslərin onu şərlədiyini, şantajla ondan böyük məbləğdə pul almaq məqsədi güddüyünü deyir. Şikayətçilər isə bildirir ki, onlardan pulu Həbib Axundov alıb. Dediklərinə görə, Elmira Axundovanın özü də, oğlu da dəfələrlə onlarla həm görüşlərdə, həm də telefon danışıqlarında onlara borclu olduqlarını etiraf edib, imkan tapıb pulu qaytaracaqlarını vəd ediblər. Şikayətçilərin sözlərinə görə, onlarda bunu təsdiqləyən sübutlar da var və həmin sübutları hüquq-mühafizə orqanlarına da təqdim ediblər.