Azərbaycanda 15-17 yaşında ailə quran qızlar…

Sizin brauzer HTML5-i dəstəkləmir

16 yaşında ana olan, boşanan Arzu: '80 manatla necə dolanım?'

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda ailə quran qızların 137-si 15-17 yaş arasında olub.

Azərbaycanda rəsmi nikah yaşı 18-dir, yalnız istisna kimi qızlarda 17 yaş ola bilər. 18 yaş nikahla bağlı Uşaq Hüquqları Konvensiyasında da müəyyənləşmiş son həddir. Uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab edilir.

11 il əvvəl 5 mindən çox…

Rəsmi statistikaya görə, ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5 min 138 açıqlanıb.

Azərbaycan qanunvericiliyinə əsasən, nikah yaşına çatmayan şəxsin evləndirilməsinə rəsmən yol verilmir. Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə görə, nikah yaşına çatmayan şəxsi evlənməyə məcbur edən şəxslər 3 min manatdan 4 min manatadək cərimə və ya 4 ilədək həbs oluna bilərlər.

Sizin brauzer HTML5-i dəstəkləmir

"8-9 yaşında elçi gəldi, oğlan mənə 30 yaşında qadın kimi baxırdı"

Komitə: "Əhalinin faiz dərəcəsini müqayisə etsək…"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya şöbəsinin rəhbəri Elgün Səfərov "Turan"a deyib ki, 2012-ci ildə erkən nikahlar 2 minə yaxın idisə, son illər rəqəmlər aşağı düşüb: "2020-ci pandemiya ilində 156 fakt təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 137-dir. Əhalinin faiz dərəcəsini müqayisə etsək, Gürcüstan, Türkiyə, Ermənistan və Rusiyada uşaq nikahların sayı Azərbaycandan daha çoxdur".

Komitə rəsmisinin sözlərinə görə, amma bu, o demək deyil ki, 137 rəqəm qaneedicidir: "Hər faktla bağlı preventiv tədbir görülməlidir. Dövlət Komitəsi uşaq nikahlarının aradan qaldırılması məqsədilə araşdırma keçirir ki, hansı regionlarda bu, daha çoxluq təşkil edir və nəticələrə əsasən maarifləndirici tədbirləri gücləndirir".

F.Mustafa

"Bir çox bölgələrdə buna adi hal kimi baxılır"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə agentliyə bildirib ki, bu hallara xaricdə "uşaq evliliyi" deyirlər: "Azərbaycanda da nikah qanuni aktdır və qanunsuz nə baş verirsə, bu, nikah kateqoriyasına girmir". Onun sözlərinə görə, bu, cahilliklə bağlı problemdir: "Bu, yerlərdə hansısa sosial mühitin, ictimai qınağın olmamasından qaynaqlanan bir haldır. Bir çox bölgələrdə buna adi hal kimi baxılır. Buna qarşı mübarizə aparılmalıdır. Ən azı belə erkən evliliklərin qarşısı alınmalıdır".

Deputat dövlət qurumlarının erkən evliliklərlə ciddi mübarizə apardığını düşünür: "Bu əməllərin törədilməsində iştirak edən şəxslər, o cümlədən valideynlər məsuliyyətə cəlb olunur".

M.Zeynalova

"Pandemiya zamanı nəzarət mexanizmlərinin zəifləməsi…"

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə AzadlıqRadiosuna bildirib ki, adətən belə statistika doğuşla müəyyən olunur: "2011-ci ilə baxanda erkən nikahların sayı azalıb. Amma kononavirus pandemiyası zamanı bir çox nəzarət mexanizmlərinin zəifləməsi, məktəblərin işləməməsi, monitorinq imkanlarının olmaması erkən nikahların artmasına səbəb oldu".

Hüquq müdafiəçisinin fikrincə, bu halların baş verməsini yalnız iqtisadi faktorla əlaqələndirmək düzgün deyil: "Bu hərəkətlərə yol verən şəxslərdən bunun səbəblərini öyrənmək lazımdır. Öyrəndikdən sonra isə maarifləndirmədə məhz bu yöndə təbliğat aparmaq lazımdır. Bunu edənlərin əksəriyyəti, guya, ətrafda əxlaqsızlığın yayılmasını bəhanə gətirərək qızının erkən ərə verilməsində iştirak edirlər. Belə olan halda qızların, qadınların təhlükəsizliyini gücləndirmək lazımdır".

Sizin brauzer HTML5-i dəstəkləmir

8-ci sinifdə ərə verilən qızlar danışır: '2 uşaqla boşanmışam'

"Real statistika daha yüksəkdir"

M.Zeynalova erkən nikahlarla bağlı real statistikanın daha yüksək olduğunu deyir: "Bu rəsmi statistika yalnız doğuş prosesinə əsasən götürülüb. Amma hər erkən nikahda doğuş olmur. Ona görə də real say daha çoxdur".

Qadın hüquqları müdafiəçisi Vəfa Rüstəm isə AzadlıqRadiosuna bildirib ki, dövlət qurumları belə hallarla ciddi mübarizə aparmır: "Adətən erkən nikahlar kənd yerlərində baş verir. Elə yerlərdə isə hamı bir-birini tanıyır deyə, məsuliyyətə cəlb etmə səviyyəsi o qədər də yüksək deyil".

V.Rüstəm

Hüquq müdafiəçisinin sözlərinə görə, 9-cu sinifdən və daha tez məktəbdən çıxarılan qızlarla aidiyyəti dövlət qurumlar bir çox hallarda maraqlanmır: "Amma işi elə ondan başlamaq lazımdır ki, hər kəs məktəbə gəlməlidir".

O da hesab edir ki, statistikaya düşən erkən nikahların sayı belə nikahların real sayından dəfələrlə azdır.