Bakı Şəhər Halqası: 'Bizim də şərtlərimiz var'

Bakıda Formula-1

«Hər iki tərəf Formula-1-in Azərbaycanda uzun illər qalmasında maraqlıdır… Hər iki tərəfin də öz şərtləri var», – Bakı Şəhər Halqasının marketinq və kommunikasiya rəhbəri Nigar Arpadarai gənclər və idman naziri Azad Rəhimovun Formula-1 ilə bağlı kontraktın şərtlərini «qəbuledilməz» adlandırması haqda danışarkən belə deyir.

«Hamı anlayır ki, mövcud kontrakt qəbuledilməzdir. Məncə, Formula-1-in yeni rəhbərliyi də bunu anlayır. Bir sıra kommersiya şərtləri, sponsorluq haqları, ödədiyimiz qiymətdən danışırıq», – Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov TASS agentliyinə belə deyib.

N.Arpadarai isə deyir ki, indiki mərhələdə hər iki tərəf yarışları davam etdirmək istəyir və bu, əsas məqsəddir.

«Ona görə də hər şey ikitərəfli razılaşma yolu ilə həll olunacaq, yarışlar davam etdiriləcək. Hər iki tərəf Formula-1-in Azərbaycanda uzun illər qalmasında maraqlıdır. Bilirsiniz ki, bizim rəhbərimiz Çeyz Keri Bakıda idi. O, nadir hallarda Qran-pridən öncə hansısa ölkəyə gedir. Amma Azərbaycana gəldi, çox da pozitiv çıxış etdi. Hər iki tərəf müqavilənin şərtlərinə yenidən baxacaq. Hər iki tərəfin şərtləri var. Bizim də şərtlərimiz var. Bunları təqdim edəcəyik. Ümid edirik ki, Formula-1 növbəti beş ildə burda qalacaq», – Bakı Şəhər Halqasının sözçüsü deyir.

Nigar Arpadarai

«Kontraktın şərtləri məxfidir»

Söhbət hansı şərtlərdən gedir? Azərbaycan tərəf kontraktda nələri «qəbuledilməz» sayır, nələri dəyişdirməyə çalışır?

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AzadlıqRadiosuna deyir ki, nazirin söylədiklərindən artıq heç nə söyləyə bilməzlər. Bu haqda sualları Bakı Şəhər Halqasına verməyimizi istəyir.

N.Arpadarai də detalları açıqlamır: «Azad müəllim necə deyibsə, bizdə də məlumat o formadadır. Yəni kontraktın şərtləri, yəqin ki, qiymətlər, sponsorluq şərtləri müzakirə olunacaq. Mən bundan artıq heç nə deyə bilmirəm».

N.Arpadarai bunu da deyir ki, kontraktın şərtləri məxfi məlumatdır və açıqlanmır:

«Sadəcə, kontraktın şərtlərinə yenidən baxılacaq. Bu da çox təbiidir. Birinci Formula bitib. Hər iki tərəf prosesin necə getdiyini bilir. Ona görə kontraktı uzatmadan öncə şərtlərə yenidən baxılacaq».

Sizin brauzer HTML5-i dəstəkləmir

"Sizcə, 'Formula-1' yarışlarının Azərbaycana nə faydası var?" [video-sorğu]

«Bu, adi prosedurdur»

Formula-1-in Azərbaycandakı səfiri, idman şərhçisi Rəhim Əliyev belə deyir. Onun sözlərinə görə, kontrakt başa çataçatda bütün təşkilatçı ölkələr şərtlərə yenidən baxır, masa arxasına oturaraq müzakirə edirlər:

«Məsələ bundadır ki, hər bir ölkə yarışı qəbul edəndə müəyyən üzvlük haqqı ödəyir. Bizim müqavilə belə bir şərtlə imzalanıb: 5+5. Yəni 5 il Formula-1 burda keçiriləcək. Ondan sonrakı növbəti 5 ildə ya təşkilatçının, ya da Formula-1-in müqaviləyə yenidən baxması ilə davam etdiriləcək. Bütün ölkələrdə belə olur. Aydın məsələdir ki, təşkilatçı ölkə çalışır ki, müqavilənin qiymətini aşağı salsın, əksinə, qarşı tərəf qiyməti artırmağa çalışır. Bu da adi bir prosedurdur. Ona görə də müqavilənin sonuna doğru ölkə narazılığını bildirir ki, qiymətləriniz bir az bahadır və s. Qeyri-adi heç nə yoxdur. Nazir də «qəbuledilməz» deyəndə qiymətlərin ucuzlaşmasına çalışır, yəni «çətindir, ağırdır, durum başqadır»».

R.Əliyev tərəflərin razılaşacağına inanır. Bunun səbəbini də belə izah edir: «Formula-1 şirkətinin əvvəlki rəhbəri bir az konservativ adam idi, həmişə o deyən olurdu, həmişə ehtiyat variantı olurdu, şantaj edirdi ki, siz istəmirsinizsə yarışı keçirməyin, biz başqasını taparıq. Ölkələr də onunla razılaşmağa, onun istədiyi şərtlərlə müqaviləni uzatmağa məcbur qalırdı. İndiki rəhbərlik loyaldır, danışıqlara gedəndir, şərtləri dinləyəndir. Ona görə müqavilənin uzadılmayacağı ehtimalını sıfır sayıram. Uzadılacaq. Amma indiki şərtlər saxlanacaqmı, ya qiymətlər ucuz olacaq, onu zaman göstərəcək».

Sizin brauzer HTML5-i dəstəkləmir

Formula-1 satıldı, rəhbəri istefaya göndərildi

R.Əliyev Formula-1-in Azərbaycanda keçirilməsinin tərəfdardır: «Formula-1 bizə çox gec gəldi. O bizə yaxşı vaxtlarda gəlməliydi, dolların ucuz, xalqın rifahının daha yaxşı vaxtında gəlməliydi. Azərbaycanı bütün dünyaya Formula-1 qədər tanıtdıran ikinci idman növü yoxdur. 180-dən çox ölkədə canlı yayım, yarım milyarddan çox televiziya auditoriyası, ölkəmiz üçün bundan gözəl reklam ola bilməzdi. 10 il qabaq gəlsəydi, turizm daha yüksək inkişaf edərdi».

Xatırlatma

Azərbaycan üç ay sonra Formula-1 rəhbərliyinə kontraktı 2025-ci ilədək uzadıb-uzatmamaq barədə qərarını bildirməlidir.

Azərbaycan 2016-cı ildən Formula-1 Qran-Prisini təşkil edir.

Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan 2017-ci ildən sonra daha 3 il bu yarışları keçirməlidir. Azərbaycan rəsmilərinin sözlərinə görə, əks halda, razılaşmaya əsasən, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Ölkə müxalifəti bu yarışların Bakıda keçirilməsinin əleyhinədir. Onlar deyirlər ki, beynəlxalq yarışların təşkilinə ayrılan pullar xalqın ehtiyaclarına sərf edilməlidir.

Rəsmilər Formula-1 Azərbaycan Qran-Prisi yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamırlar.