Facebook şirkətinin vəzifəli əməkdaşları baş direktor Mark Zuckerberg-ı ABŞ prezidenti Donald Trump-ın postlarına adekvat nəzarət etmədiyinə görə tənqid atəşinə tutublar.
Üstəlik onlar bu tənqidi Facebook-a rəqib Twitter-in platformasında ediblər.
Reuters yazır ki, Zuckerberg-in tabeçilyində olanlarTwitter-i Trump-la rəftarına görə tərifləyiblər.
Bu da xəbər verilir ki, Facebook-un evdən işləyən bir sıra vəzifəli əməkdaşları etiraz əlaməti olaraq masalarını tərk ediblər.
Bir vaxt Google vəzifəliləri də cinsi qısnama iddiaları ilə bağlı belə bir etiraz formasından istifadə etmişdilər.
Ümumiyyətlə, şirkətlərdə vəzifəli əməkdaşların baş icraçı direktora qarşı çıxması nadir hadisələrdən sayılır.
Reuters-in yazdığına görə bu virtual etiraza 30-dək əməkdaş qatılıb.
Buna da bax: Trump sosial media şirkətlərini hədəfləyən fərman verir
“Mark düzgün mövqedə deyil...”
Twitter-də özünü Facebook-un xəbər xəttinin dizayn direktoru kimi təqdim edən Ryan Freitas yazıb: “Mark düzgün mövqedə deyil və mən ən uca bir səslə onu fikrini dəyişməyə çağırıram”.
Facebook-a elə bu apreldə gəlmiş Sara Zhang da “qaradərili icma ilə həmrəylik əlaməti olaraq” virtual tətildə iştirak edəcək:
“Facebook-un zorakılığı qızışdıran postları silməyəcəyinə dair bu yaxınlarda verdiyi qərar icmanın təhlükəsizliyinin təmin olunması üçün alternativ yollara laqeydlik göstərib. Şirkətin siyasəti bizi istifadəçilərə qarşı ziyanlı olan materialla iki cür rəftar etmək seçimi qarşısında qoyur: materialı saxlamaq və yaxud silmək”.
Istagramın menecerlərindən Katie Zhu yazdığı postun skrinşotunu dərc edib. O da iyunun 1-də işə çıxmayacağı barədə xəbərdarlıq edib.
Facebook, Google və Amazon da daxil texnoloji şirkətlərin texniki işçiləri son illərdə fəal olaraq sosial ədalət prinsipini dəstəkləyirlər.
Buna da bax: "Facebook" 5 milyard dollar cərimələndi
Zuckerberg nə deyir?
Bütün bu etirazlara cavab olaraq Facebook şirkətinin sözçüsü Andy Stone yazıb ki, şirkət işçilərin, xüsusilə də qaradərili əməkdaşların ağrılarını başa düşür:
“Biz əməkdaşlarımızı, rəhbərliklə razı olmadıqları hallarda səslərini qaldırmağa çağırırıq. Biz hazırda materiallarla bağlı çətin qərarlarla üzləşdiyimizə görə bütün səmimi iradları qəbul edəcəyik”.
Twitter şirkəti mayın 29-da Trump-ın “qarət olanda, atəş də olur” ifadəsi yazılmış postuna xəbərdarlıq nişanı qoymuşdu.
Bununla da Twitter bildirmişdi ki, bu post zorakılığı tərənnüm etməklə platformanın prinsiplərini pozub.
Ötən bazar ertəsi ABŞ-ın Minneapolis şəhərində polisin rəftarı nəticəsində vəfat etmiş qaradərili George Floydun ölümünə etiraz olaraq ölkə boyunca zorakı və dinc aksiyalar davam edir.
İnsidentin videosunda polis zabitinin dizini Floydun boğazına qoyduğu və tam 9 dəqiqə bu vəziyyətdə saxladığı görünür.
Floyd bundan az sonra xəstəxanada keçinib.
Facebook eyni məzmunlu postlara qarşı heç bir tədbir görməyib və Zuckerberg bəyan edib ki, bu postlar “xeyli sərt” olsa da, platformanın zorakılığın qızışdırılmasına qarşı siyasətlərini pozmayıb.
Buna da bax: Twitter Trump-ın səhvini düzəldir
Zuckerberg Trump-la danışıb
Ötən həftə prezidentlə Twitterarasında yaranmış qarşıdurmadan kənarda qalmaq istəyən Zuckerberg, buna baxmayaraq mayın 30-da Ağ Evlə əlaqəyə girərək Facebook-un siyasətini izah etdiyini bildirib.
Facebook daha sonra Zuckerberg və Trump arasında telefon söhbətinin olduğunu təsdiqləyib.
Buna baxmayaraq, Zuckerberg-in vəzifəli həmkarları onun rəqibi Twitter-in mövqeyini dəstəkləməkdə davam edirlər.
Facebook-un direktorlarından David Gillis də Trump-a qarşı barışmaz mövqe tutduğuna görə rəqib platformaya ehtiramını bildirib.
Şirkətin başqa bir direktoru Jason Toff Minnesotada irqi ədalət qruplarının dəstəklənməsi üçün fond yaratdığını deyib.
Bu arada Zuckerberg-in özü də Facebook-da yazıb ki, şirkət sosial ədalət məqsədləri üçün əlavə olaraq 10 milyon dollar ayıracaq.
Buna baxmayararaq Toff yazdığı tvitdə bildirib ki, o, hazırda Facebook-un tutduğu mövqedən razı deyil və söhbət etdiyi bir çox həmkarları da məhz bu qənaətdədirlər.