İlkin Süleymanovun işində sənədlərdə ziddiyyət olduğu deyilir

İlkin Süleymanov məhkəmədə

Avqustun 24-də Gəncə Ağır Cinayətlər Məhkəməsində azyaşlı Nərmin Quliyevanın qətlində  ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam edib

Avqustun 24-də Gəncə Ağır Cinayətlər Məhkəməsində azyaşlı Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam edib.

Məhkəmədə iş üzrə bəzi sənədlər elan olunub.

Müdafiə tərəfinin fikrincə, sənədlərdə göstərilən faktlar arasında ciddi ziddiyyətlər var.

"Məsələn, İlkin Süleymanovun evinin baxış protokolunda İlkinin imzası yoxdur, onu kimsə başqa adam çəkib. Üstəlik də ki, bizə təqdim olunan sənədlərin içində vəkilin imzası yoxdur, amma məhkəməyə təqdim olunan sənədlərdə o yoxdur. Biz vəsatət qaldıracayıq ki, həmin ziddiyətli sənədlər siyahıdan çıxarılsın", müdafiə tərəfi vurğulayıb.

Daha sonra prosesdə İlkin Süleymanov danışıb.

O, yenidən istintaq zamanı ona ifadələrin bir hissəsinin polisdə diktə edildiyini deyib.

Növbəti məhkəmə prosesi avqustun 31-də davam edəcək.

Buna da bax: Nərminin nənəsi: 'Atası anasını bıçaqlamaq istəmişdi, polisə demişdik...'

Xatırlatma

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb.

47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan 48-yaşlı İlkin Süleymanova cinayət məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib.

Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.

Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.