İran parlamentinə evdə heyvan saxlamağı qadağan edəcək qanun layihəsi təqdim olunub. Məqsədin ölkəni “natəmiz” heyvanların təhlükəli təsirindən qorumaq olduğu bildirilir.
Noyabrın 17-də sərt xətt tərəfdarı mühafizəkarlar tərəfindən təqdim olunmuş qanun “təhlükəli və ziyanlı heyvanlara qarşı ictimai hüquqların qorunması” adlanır. Qanunla iranlıların it, pişik, dovşan, digər ev heyvanları saxlaması, onları bəsləməsi, yaxud nəqliyyatda daşıması yasaqlanır.
Buna da bax: Rəisi : 'Region ölkələri sərhədlərinin dəyişdirilməsi qeyri-məqbuldur'“Vəhşi heyvanlar”
Qanun təsdiqlənərsə, evdə ilan, kərtənkələ, timsah, siçan, meymun, uzunqulaq və tısbağa kimi “vəhşi heyvanlar” saxlamaq da qadağan olunacaq, buna görə cərimələr tətbiq ediləcək.
İran Baytarlar Cəmiyyətinin aparıcı üzvü Payam Mohebi bu qədər fərqli heyvanın bir siyahıya salınmasına istehza edir.
“Fikrimcə, dovşan, siçan, timsal, it, pişik, tısbağa təhlükə dərəcəsinə görə eyni kateqoriyaya salına bilməzlər”, – o, noyabrın 18-də Radio Fərda-ya deyib.
Son illər evdə heyvan saxlayanların sayı artdığından hakimiyyət də müəyyən qadağalar tətbiq etməyə başlayıb. Dini isteblişment evdə heyvan bəsləməyi qeyri-gigiyenik, antiislam hesab edir. Sahibsiz itlərin insanlara hücum etməsi isə qadağa çağırışlarını gücləndirib.
Buna da bax: Bazarda pensiyaçı: 'Oğullarım pul göndərməsələr, yaşamaq çətin olar'Cəza
İndiyədək oxşar cəhdlər alınmasa da, son təklif bütün ölkəni əhatələyə bilər. Ultra-mühafizəkar İbrahim Rəisi iyunda prezident seçiləndən sonra sərt xətt tərəfdarları da təsiri gücləndirirlər.
Qanun qəbul olunandan üç ay sonra iranlıların ev heyvanı saxladığı aşkarlanarsa, heyvanlar müsadirə olunacaq, sahibləri minimum aylıq əməkhaqqının 10-30 misli qədər cərimələnəcək.
Kirayənişinlərinin qaydaları pozduğu aşkarlanan ev sahibləri də oxşar cəriməyə məruz qalacaq.
Kənd yerlərində yaşayanlara, çobanlara itlərdən evi, mülkü qorumaq məqsədi ilə istifadəyə icazə verilə bilər. Amma bunu yerli bələdiyyə, yaxud vilayət komitələri təsdiqləməlidir.
Universitet və laboratoriyaların elmi tədqiqat məqsədilə heyvan saxlamasına icazə veriləcək.
Sözügedən qanunvericiliyə nə vaxt baxılacağı bəlli deyil.
Buna da bax: Qlobal istiləşmədə 1.5°C ilə 2°C-nin fərqiİslam inqilabından sonra
1979-cu il İslam İnqilabından bəri it saxlamaq İranda qızğın müzakirə mövzusu olub, isteblişment bunu “mənəvi pozğunluq”, Qərbin təsirinin əlaməti kimi görüb.
Son illər özəlliklə gənc qadınlar və zənginlər arasında it saxlamaq populyarlaşıb. Sonuncular buna status simvolu kimi baxırlar.
Paytaxt Tehranda isə hakim orqanlar mühafizəkarların təzyiqi altında şəhər parkları və küçələrdən itlərin yığışdırılmasına nail olublar.
Avtomobillərdəitlərin qəfəssiz aparılmasının isə sürücülərin diqqətini yayındırdığı bəyan edilib.
Baş prokuror Məhəmməd Cəfər Müntəziri itləri “natəmiz heyvanlar” adlandrııb, onların “müsəlmanların həyatının bir parçası olmaması”na çağırıb.
Buna da bax: İran sürücüləri Ermənistandakı yeni yoldan narazıdırlarTədbirlər
Müxtəlif vaxtlarda İranda itlərlə bağlı tədbirlər görülüb. 2014-cü ildə deputatlar itlə gəzənlərə 74 şallaq vurulması, heyvanın alınması, 3.500 dollardan çox cərimə təklif edib, amma layihə keçməyib.
İndi hazırlanmış qanunvericilikdə hədəf götürülən heyvanların başına nə gələcəyi bəlli deyil.
Son illər sosial mediada heyvanlarla qəddar davranışla bağlı videolar yayılır. Onlardan birində sahibsiz itlərin Tehran yaxınlığında naməlum iynə vurulandan sonra əzabla öldüyü görünürdü.
İyunda parlamentin qəbul etdiyi qanunla heyvanlara işgəncə verilməsi yasaqlandı.