“Masallı rayon Mərkəzi xəstəxanası” nın direktoru vəzifəsində işləmiş Cəlil Nəzərov barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş məhkəməyə göndərilib.
Bu barədə dekabrın 25-də Azərbaycan Respublikasının Baş Prokororluğu məlumat yayıb.
Məlumatda vurğulanır ki:
"İbtidai istintaqla Cəlil Nəzərovun qeyd olunan vəzifədə işləyərkən tabeliyində olan şəxslə qabaqcadan əlbir olaraq 2007-2020-ci illəri əhatə edən dövr ərzində xəstələrə əlillik dərəcəsinin təyin olunması müqabilində ümumilikdə 321 nəfərdən cəmi 400 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına, rəhbərlik etdiyi tibb müəssisəsinin maddi-texniki təminatı üçün dövlət büdcəsindən ayrılmış cəmi 275 min manat məbləğində pul vəsaitini mənimsəməsinə, həmin qanunsuz hərəkətlərini ört-basdır etmək üçün müvafiq rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməsinə, eləcə də bu yolla əldə etdiyi qanunsuz pul vəsaitlərini rayon ərazisində özünə məxsus istirahət mərkəzinin inşasına yönəltməklə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilmişdir".
Baş prokurorluğun yaydığı məlumatda korrupsiya ilə bağlı iddialarda baş direktora yardım etməkdə şübhəli bilinən daha bir nəfərin adı çəkilir. Həmin şəxsin baş direktorun köməkçisi olmuş Təranə Əliyeva olduğu qeyd edilir. İddia olunur ki, ibtidai istintaq zamanı həmin şəxsin 34 nəfərdən 52 min manat rüşvət almaqda iştirakına əsaslı şübhələr müəyyən edilib.
Buna da bax: 'Xəstə pul vermirsə, ona baxmırlar'"İş üzrə toplanmış sübutlar əsasında Cəlil Nəzərov və Təranə Əliyevaya müvafiq olaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2, 311.3.3 (külli miqdarda təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilərək Cəlil Nəzərov barəsində məhkəmənin qərarı ilə həbs, Təranə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir".
Məlumatda o da bildirilir ki, ibtidai istintaq zamanı vurulmuş ziyanın təmin edilməsi məqsədilə Cəlil Nəzərova məxsus Masallı rayonu ərazisində yerləşən daşınmaz əmlaklar üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.
Masallı rayon xəstəxanasının baş direkrou Cəlil Nəzərovun təxminən bir il əvvəl həbs olunub. Onun həbs olunması ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti 2021-ci il yanvarın 25-də məlumat yayıb.
Rəsmi açiqlamaya, orda yer alan ittihamlara, hələlik Cəlil Nəzərov və digər təqsirləndirilən şəxslərin və ya onların vəkillərinin mövqeyini əldə etmək mümkün olmayib.
Buna da bax: ‘Nə həkim o maaşla dolanmır, nə də başqa bir peşə sahibi’