Martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın uçması nəticəsində ölənlərin sayı dördə çatıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib: "Axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb".
Hələlik, olaya zərərçəkən və ölənlərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Nehrəmdə məktəbin uçması nəticəsində üç işçi ölüb
Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində baş verən olayla bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, martın 31-i saat 12 radələrində Babək rayonu Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsi uçub. Bildirildiyinə görə, nəticədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hələlik, zərərçəkən və həlak olan fəhlələrin yaxınları ilə danışmaq mümkün olmayıb.
Naxçıvanda məktəb binasında qəza…
Bu günlər Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbəsində 3 nömrəli məktəbdə qəza olduğu bildirilir. Amma bununla bağlı dəqiq tarix və detallar açıqlanmır.
Azərbaycan Təhsil Nazirliyi bildirib ki, həmin 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır, heç bir əsası yoxdur.
Qurumdan vurğulanıb ki, o, məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar bu il martın 1-dən şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər: "Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
Amma "Turan" Agentliyinin məlumatına görə, məktəbdə həlak olanlar var. Bu barədə agentliyə Naxçıvan Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumata görə, hadisə nəticəsində təmir işində çalışanlardan üç nəfəri ölüb, biri isə yaralanıb.
Amma həmin məktəbdə öldüyü söylənən şəxslərin şəxsiyyətini dəqiqləşdirmək və muxtar respublikanın cavabdeh qurumlarından deyilənlərə münasibət almaq mümkün olmayıb.