Kremlin Suriya üzrə xüsusi elçisi oktyabrın 15-də deyib ki, Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hücum əməliyyatı “qeyri-məqbuldur”.
Prezident Putinin Suriyadakı xüsusi nümayəndəsi Alexander Lavrentiev əlavə edib ki, Ankaranın bu əməliyyata Moskvanın razılıq verdiyinə dair bəyanatları həqiqətə uyğun deyil.
Rusiya prezidenti ilə Abu Dabiyə səfərdə olan səfir bu məlumatları, Ankara ABŞ-ın ağır sanksiyalar elan etməsinə baxmayaraq hücumu davam etdirməyə çalışdığı bir vaxtda verib.
Trump Türkiyə rəsmiləri üzərinə sanksiyaları Ankaranın Suriyanın şimalına müdaxiləsinə görə elan edib.
Buna da bax: Trump: 'Mən Türkiyənin iqtisadiyyatını dağıtmağa tamamilə hazıram'
Bu da xəbər verilir ki, Suriyanın şimalından çıxmaqda olan Amerika əsgərlərinin mövqelərini Rusiya hərbçiləri tuturlar.
Rusiya və Türkiyə arasında Ankaranın hücum əməliyyatının əvvəlcədən müzakirə olunub-olunmadığı barədə suala cavab verən Lavrentiev deyib:
“Yox. Biz Türkiyəni daim təmkin nümayiş etdirməyə çağırmışıq və Suriya ərazisində hər hansı bir əməliyyatın keçirilməsini daim qeyri-məqbul saymışıq”.
Türkiyə və Rusiya arasında gərginlik
Reuters agentliyi yazır ki, Lavrentievin bəyanatı Türkiyə və Rusiya arasında getdikcə artan gərginlikdən xəbər verir.
Bundan bir gün əvvəl Kreml bəyan etmişdi ki, Türkiyənin müdaxiləsi Suriyanın ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil edir.
Lavrentiev deyib ki, Türkiyə-Suriya sərhədindəki təhlükəsizlik bütün sərhəd boyunca Suriya hökumət qoşunlarının yerləşdirilməsi ilə təmin edilməlidir:
“Məhz bu səbəbdən də biz Türkiyə hərbi birləşmələrinin, xüsusən də Suriya müxalifəti qüvvələrinin bu bölgədə yerləşdirilməsi ideyasını heç vaxt təqdir etməmişik”.
Lavrentiev əlavə edib ki, Türkiyənin hərəkətləri Suriyanın şimalındakı həssas dini münasibətləri gərginləşdirə bilər.
Rusiya səfiri bunu da vurğulayıb ki, bu ərazidə kürdlər, ərəblər, sünnilər yaşayırlar və onlar öz torpaqlarında heç vaxt bu yerlərdə yaşamayanlaırn məskunlaşdırılmasını qəbul etməzlər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Bundan əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyan etmişdi ki, Ankara Suriyanın şimalını kürdlərdən təmizlədikdən sonra bu əraziyə Türkiyədə olan Suriya qaçqınlarının iki milyonunu yerləşdirməyi planlaşdırır.
Lavrentiev bildirib ki, Rusiyanın vasitəçiliyi ilə kürd qüvvələri və Suriya hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən kürdlər bu ərazinin nəzarətini Suriya qoşunlarına verəcəklər.
Lavrentiev deyib ki, Rusiya Türkiyə və Suriya qüvvələri arasında toqquşmalara yol verə bilməz.
O bildirib ki, belə bir qarşıdurma “sadəcə olaraq qeyri-məqbuldur” və “biz bunun baş verməsinə imkan verməyəcəyik”.
Mənbicdə nə baş verir?
Bu arada Rusiyanın Gazeta.ru saytı yazır ki, Rusiya Suriyanın strateji Mənbic şəhərini öz nəzarətinə götürür. Erdoğan hücum əməliyyatının növbəti hədəfinin Mənbic olacağını bəyan etmişdi.
Bundan əvvəl bu şəhər ABŞ əsgərlərinin nəzarətində idi.
Sayt yazır ki, bir sıra mənbələr bu yaşayış məntəqəsini tərk etmələri üçün ABŞ hərbçilərinə bir sutka vaxt verildiyini bildiriblər.
Gazeta.ru yazır ki, ABŞ əsgərləri Mənbici tam tərk etdikdən sonra bu şəhərdə Rusiya qüvvələri yerləşdiriləcək.
Newsweek də adı çəkiməyən mənbəyə əsasən belə bir xəbər verib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Məcmuə yazıb ki, Rusiya hərbçilərinin bu əraziyə təhlükəsiz şəkildə daxil olmasına da ABŞ hərbçiləri yardım ediblər.
Bu arada The Washington Post yazır ki, Rusiya oktyabrın 15-də Mənbic şəhəri yaxınlığında Türkiyə və Suriya qoşunları arasındakı təmas xəttində Rusiya hərbçilərinin patrul keşiyi çəkdiyini bildirib.
Oktyabrın 14-də Suriyanın rəsmi dövlət mediası Mənbic şəhərinə Suriya qoşunlarının daxil olduğunu xəbər verib.
Kürd rəsmilər isə bildiriblər ki, sərhəd zolağı Suriya qoşunları tərəfindən nəzarətə götürüldükdən sonra da bu bölgədəki kürd özünüidarə təsisatları işləməkdə davam edəcək.
Erdoğan hücumun dayandırılması niyyətində olmadığı deyib və bildirib ki, Türkiyə tezliklə Mənbicdən İraqadək ərazi üzərində nəzarəti ələ alacaq.
The Washington Post yazır ki, Pentaqonun sözçüsü polkovnik Myles B. Caggins III Suriya qoşunlarının Mənbicə daxil olub-olmadığna dair şərh verməkdən imtina edib.
Gazeta.ru Livanın Əl Məyadin telekanalının xəbərinə istinadən yazır ki, Suriya prezidenti Bashar al-Assadın əsgərləri Mənbicə gedən yolda heç bir müqavimətə rast gəlməyiblər.
Telekanal xəbər verir ki, Suriya qoşunları bütün postları maneəsiz keçərək Mənbicə daxil olub.
Bu da xəbər verilir ki, Suriya qoşunlarının Kobaniyə daxil olacağı barədə də razılaşma əldə edilib.