MTN-in general və polkovniklərinə 48 il həbs tələbi

Mövlam Şıxəliyev

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyevə 14 il həbs cəzası istənilib

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyevə 14 il həbs cəzası istənilib. İyulun 26-da Bakı Hərbi Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror generalla birlikdə mühakimə olunan, vaxtilə MTN-də onun tabeliyində çalışmış üç polkovnikə – şöbə rəisləri Vüsal Ələkbərov, Yasin Məmmədov və rəis müavini Sahib Ələkbərova da cəza istəyib. O, təklif edib ki, onların üçü də məhkəmə zalından həbs edilsin, Vüsal Ələkbərov və Yasin Məmmədovun hər birinə 12 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası kəsilsin.

Prokuror sabiq MTN-çilərin üzərində həbs olan əmlaklarının da müsadirəsini istəyib. Bu əmlakların dəyəri 9 milyon manata yaxındır.

Bunun da təxminən 7 milyondan artıq hissəsi Şıxəliyev və ailə üzvlərinə aid əmlaklardır. Onların arasında metronun “Sahil” stansiyasının üstündəki binada 5 mənzil, Fəvvarələr meydanında mənzil və obyektlər, mərkəzi Nizami küçəsində mənzillər, Novxanıda 1 milyon manatdan artıq dəyəri olan bağ evi və başqa mülklər var.

Buna da bax: 'MTN işi'ndə zərərçəkmişlərin etiraz aksiyası

“Bizim ona veriləcək suallarımız vardı”

İyulun 26-da məhkəmədə Şıxəliyev hakimlərə yazılı şəkildə ifadəsini təqdim edib. Zərərçəkmişlər bundan narazı qalıb, deyiblər ki, generalın ifadəsində nə yazıldığı onlara məlum deyil.

Bizim ona veriləcək suallarımız vardı. Bilmirik ki, ifadəsində nə yazıb məhkəməyə verdi...” - zərərçəkmişlərdən Qulam Bağırov belə deyib.

Zərərçəkənlər növbəti dəfə keçmiş Baş prokuror Zakir Qaralov, onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağrılıb dindirilməsi məsələsini qaldırıblar.

Onlar bildiriblər ki, vaxtilə MTN əməkdaşları tərəfindən tutulanda onların həbs olunması üçün təqdimatların, külli miqdarda pulları alınandan sonra xəstəlik adı altında ev dustaqlığına buraxılmaları üçün məhkəməyə vəsatətlərin verilməsi prokurorluğun vasitəsilə həyata keçirilib.

Zərərçəkənlər vurğulayıblar ki, Qaralov və Usubov baş verənlərə görə birbaşa məsuliyyət daşıyırlar, onları dindirmədən hərtərəfli, obyektiv məhkəmə araşdırması aparıla bilməz.

Ancaq Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası bu dəfə də onlara “yox” deyib.

Belə olan halda, zərərçəkənlər bu hakimlər kollegiyasının onların işinə baxmasına yazılı şəkildə etiraz veriblər. Amma etiraz da təmin olunmayıb.

Zərərçəkənlərin etirazlarına baxmayaraq, hakimlər məhkəmə istintaqının tamamlanmasına qərar veriblər. Ardınca prokuror çıxış edib.

Bu iş üzrə məhkəmə prosesi avqustun 30-da davam edəcək.

Buna da bax: MTN işinə baxan hakim müttəhim generaldan çəkinir?

Xatırlatma

General Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham verilib.

Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır.

Yasin Məmmədov və Sahib Ələkbərov MTN-dən çıxandan sonra vəkil kimi fəaliyyətə başlayıb.

Onların adları iş adamları ilə yanaşı, bir sıra siyasi motivli həbslərdə də hallanıb.

MTN işində zərərçəkmişlər arasında “Texnikabank”ın keçmiş sahibi, “Muğanbank”ın filial müdiri, bir sıra sahibkarlar da var.

Keçmiş MTN-çilər isə ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.

2015-ci ildə MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyatdan sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.