«Ölü sahibləri də bilsin, Allaha, adım Məhəmməd Peyğəmbərə and olsun, mənim bu işdən xəbərim yoxdur. «Bandotdel»də döyə-döyə boynuma qoydular. Elə şeylər elədilər ki, burada danışmağa utanıram, ayıbdır. Adamım, arxamda dayanan kimsə yoxdur deyə, yüklədilər mənim üstümə. Ora kim düşsəydi, edilən zülmlərə görə boynuna götürəcəkdi. Hara da yazıram, məktublarım cavabsız qalır...», – Narkoloji Mərkəzi yandırmaqda suçlanan 64 yaşlı Məhəmməd Məmmədov avqustun 28-də məhkəmədə ifadə verərkən deyib.
25 nəfərin ölümü, daha 29-unun xəsarət almasına səbəb olan olayın necə baş verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Məhkəmə önünə təqsirləndirilən şəxs qismində dörd nəfər çıxarılıb – alkoqolizmdən əziyyət çəkdiyinə görə orada saxlandığı iddia olunan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədova.
FHN hələ 2012-ci ildə yazırdı ki, bu bina yararsızdır...
M.Abdullayevin vəkili Ceyhun Yusifov vəsatət qaldırıb ki, məhkəmə Səhiyyə Nazirliyinə sorğu göndərsin. Oradan Fövqəladə Hallar Nazirliyinin 2012-ci ildə göndərdiyi akt istənilsin. Vəkilin sözlərinə görə, FHN-in hadisə baş verən binanın istismara yararsızlığı barədə hələ illər öncə tərtib etdiyi akt olub. Həm də məhkəmə Səhiyyə Nazirliyindən soruşsun ki, Narkoloji Mərkəzin həmin binası sonuncu dəfə nə vaxt əsaslı təmir olunub.
Buna da bax: Narkoloji Mərkəzi yandırmaqda ittiham olunan şəxs: ‘Döyə-döyə boynuma qoydular’Vəsatət təmin olunmayıb. Hakim deyib ki, sənədlərin tədqiqi mərhələsində zərurət olsa, bu məsələyə yenə baxa bilərlər.
Ardınca prokuror ittiham aktını elan edib. İttihamda yazılıb ki, spirtli içki aludəçisi olan M.Məmmədov buna görə acıqlı olub və bu üzdən yanğını törədib. Şöbə müdiri və müalicə həkimi A.Məmmədova M.Məmmədovu orada saxlamaqdan ötrü yaxınlarından rüşvət alıb.
T.Məmmədhəsənov və M.Abdullayev isə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasıyla bağlı öhdələrinə düşən işi yerinə yetirməyiblər, vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.
Dörd nəfərin heç biri ittihamla razılaşmayıb, onlar özlərini təqsirli bilməyiblər.
«Şahidləri qorxudublar ki, yoxsa sizi də həbs edərik»
Ardından Narkoloji Mərkəzi yandırmaqda təqsirləndirilən M.Məmmədov ifadə verib. O bildirib ki, alkoqolizmlə əlaqədar 1998-ci ildən həmin Mərkəzdə dəfələrlə müalicə olunub. Ancaq son illərdə ailə üzvləriylə aralarında problem yaranan kimi, onlar Mərkəzə zəng edir, bu qurumun əməkdaşları gəlib, onun əl-qolunu bağlayıb aparır, zorla ora yerləşdirirmişlər. Bəzən gələnlər ona evdə iynə vururmuş, ayılanda özünü Narkoloji Mərkəzdə görürmüş: «Axır vaxtlar pul qazana bilmirdim, söz-söhbət olurdu. Axırıncı dəfə də məni elə gətirmişdilər ora. Martın 1-də tibb bacısı Şəlalə dedi ki, analiz verim, çünki qalmaq vaxtımı uzadıblar. Dedim, axı həkim Afət xanım mənə bildirib ki, ayyarıma mən çıxacam, altı aylıq müalicə bitəcək. Şəlalənin ifadəsində var ki, guya, mən cavabında demişəm ki, mən buranı yandıracam, məni orada saxlatdırdığına görə oğlumun evini yandıracam, özümü öldürəcəm... Yalandır. Şahidlərə hədə-qorxu gəlib, onlara da mənim əleyhimə ifadələrə imza atdırıblar. Onları hədələyiblər ki, belə ifadə verməsəniz, siz də həbs olunacaqsız. Mən Şəlaləyə elə söz demişdimsə, niyə gedib kimsəyə xəbər vermirdi? Yaxud sağ qalan xəstələrin ifadələrində yazıblar ki, guya mən özümü aqressiv aparırdım. O zaman niyə məni digər xəstələrlə birlikdə saxlayırdılar?».
Buna da bax: 'Narkotik evimi yıxdı, ailəmi dağıtdı'
M.Məmmədov deyir ki, özü maşın ustasıdır, Mərkəzdə saxlandığı müddətdə də orada təmir işləri ilə məşğul olub. Məsələn, oradakı çarpayıları qaynaq eləyib, başqa təmir işlərini görüb. Dediyinə görə, bütün günü həyətdə iş görürdü. Əlavə edir ki, əgər özünü öldürmək fikrinə düşsəydi, elə həyətdə olanda canına qəsd edərdi, daha başqalarına ziyan verməzdi.
«Ora xəstəxana yox, zülmxanadır»
14-cü palatada yatdığını və hadisə vaxtı səs-küyə oyandığını deyən M.Məmmədovun sözlərinə görə, yanğın onların palatasından başlamayıb. Oyanıb qapını açanda palataya tüstü dolub. Bildirir ki, binadan çölə qaçıb, birtəhər özünü yaxınlıqda yaşayan bacısıgilə çatdırıb: «Ayağımda ayaqqabım da yox idi. Bacım pul verdi, gedib ayaqqabı aldım. Gəlib parkda oturmuşdum, birdən polislər hücum edib, məni maşına basıb apardılar».
M.Məmmədov Narkoloji Mərkəzdəki müalicənin keyfiyyətindən də gileylənib: «Ora xəstəxana yox, zülmxanadır. Dərman-filan yoxdur. Ora ancaq pul tələsidir».
Hakim deyib ki, M.Məmmədovun istintaqda verdiyi ilkin ifadə ilə məhkəmədə söylədikləri arasında ziddiyyət var. Ona görə də həmin ifadə elan olunub.
İfadədə yazılıb ki, müalicə həkimi A.Məmmədova Məmmədovun oğlunun və həyat yoldaşının sözü ilə hərəkət edərək, onu uzun müddət orada saxlayıb. Martın 1-də axşam tibb bacısından orada qalma vaxtının uzadıldığını öyrənəndə qəzəblənib, saxta sənədlərlə orada zorla saxlandığına görə Mərkəzi də, çıxıb gedib oğlunun evini də yandıracağını deyib. Gecə özünü öldürməyin yollarını fikirləşib, səhərə yaxın alışqanla yorğanı yandırıb. Alov artanda ölməkdən qorxub yorğanı divara tərəf atıb, palatada yanında yatan Nurlanı oyatmağa çalışıb, dəhlizə çıxıb «ay camaat, buralar yanır, çıxın qaçın» deyə haray salıb. Növbətçi sanitar Amid Quliyev əsas qapını açanda həyətə çıxıb, hasarı aşıb bacısıgilə gedib. Törətdiyi əməldən də peşmandır.
M.Məmmədov istintaqda da sonrakı ifadələrində deyib ki, hadisəni o törətməyib, sadəcə, mərkəzdə yanğın olduğunu görüb, çölə qaçıb. O, məhkəmədə də söyləyib ki, ilkin ifadə ona məxsus deyil, həbs edildiyi gün ona zorla imzalatdırıblar.
Məhkəmə sentyabrın 4-də digər təqsirləndirilən şəxslərin ifadələriylə davam edəcək.
Bu il martın 2-də törədilmiş yanğında ölənlərin və xəsarət alanların hamısı zərərçəkmiş qismində tanınıb. Hadisə nəticəsində dispanserə 37 min manatdan çox ziyan dəydiyi bildirilir.