Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsində öldürülən Xanım Məmmədovanın yaxınları istintaqdan narazı qalıb. Onlar işin yenidən araşdırılmasını istəyir. Ona görə də məhkəməyə vəsatət veriblər ki, iş təkrar araşdırma aparılması üçün prokurorluğa qaytarılsın. Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan hakim Səbuhi Hüseynov elan edib ki, məhkəməyə belə bir vəsatət daxil olub.
Zərərçəkmiş tərəf hesab edir ki, Məmmədovanın qətlində suçlanan əri – keçmiş polis əməkdaşı İsmayıl Məmmədova xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə ittihamı verilməlidir. Bu səbəbdən də zərərçəkmişin hüquqi varisi işin prokurorluğa qaytarılmasını və ittihamın dəyişməsini istəyir.
Buna da bax: Ailəsi Aytənə qarşı zorakılıq faktlarını ölümündən əvvəl vəkilə verdiyi video ifadədən öyrənibProkuror, vəkil etiraz edir
Prokuror buna etiraz edib. Dövlət ittihamçısı bildirib ki, məhkəmə araşdırmalarının gedişində zərurət yaranarsa, belə bir hal üzə çıxarsa, o zaman həll olunası məsələdir. İndiki halda isə işin istintaqa qaytarılmasına ehtiyac yoxdur.
Təqsirləndirilən Məmmədovun vəkili də işin istintaqa qaytarılmasına etiraz edib.
"Ali Məhkəmənin Plenum qərarı var. Orada göstərilib ki, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində və s. törədilən qəsdən adam öldürmə cinayətləri xuliqanlıq niyyəti ilə qiymətləndirilə bilməz", – vəkil bildirib.
Hakimlər zərərçəkmiş tərəfin vəsatətini baxılmamış saxlayıb.
Buna da bax: Mühafizə orderi qoruyurmu?Xanım Məmmədovanın yaxınlarının etirazına baxmayaraq, onun polis bölməsində qətlə yetirilməsi ilə bağlı cinayət işinin məhkəmədə araşdırılmasına qərar verilib. Məhkəmə araşdırmaları fevralın 8-dən başlayacaq.
Hadisə necə baş verib
Hadisə 2021-ci il sentyabrın 30-da baş verib. 26-yaşlı Xanım Məmmədova səhər saatlarında bibisi və iki övladı ilə birlikdə polis bölməsinə gedərək həyat yoldaşı tərəfindən şiddətə məruz qalması haqda ərizə yazıb. Təhqiqatçı qarşı tərəfin izahatını almaq üçün İsmayıl Məmmədovu da bölməyə çağırıb.
İttihama əsasən, İsmayıl Məmmədov bölmədə üzərindəki xidməti silahdan atəş açaraq həyat yoldaşını qətlə yetirib.
Buna da bax: Əri tərəfindən öldürülən Fəridənin anası: '7 bıçaq zərbəsi amansız qətl sayılmır?'İsmayıl Məmmədova qarşı CM-in 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Hadisədən sonra 24-cü polis bölməsində bir sıra şəxslərin cəzalandırılması, o cümlədən təhqiqatçı Füzuli Qurbanovun daxili işlər orqanlarında xidmətdən xaric olunması, bölmənin rəisi Seymur Qarayevə isə şiddətli töhmət verilməsi barədə məlumat yayılıb.