'...Məmurların cibində veteranlıq vəsiqəsi var?'

Sizin brauzer HTML5-i dəstəkləmir

Keçmiş döyüşçülər etiraz edir (2021)

Bu həftə (aprelin 4-də) 44 günlük İkinci Qarabağ müharibəsinin bir neçə veteranı Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında aksiya keçirdi. Onların sözlərinə görə, əlillik dərəcəsi almaq üçün dəfələrlə müraciət etsələr də, ya buna imtina gəlir, ya da əlillik dərəcəsi düzgün təyin edilmir. Sosial şəbəkələrdə də bu tip şikayətlər ara-sıra eşidilməkdədir.

"Sol əlində üç barmaq olmayan veteranın…"

İkinci Qarabağ müharibəsinin iştirakçısı Ayaz Qasımov da AzadlıqRadiosuna deyib ki, müharibə zamanı ayağından ciddi xəsarət alsa da, ona əlillik dərəcəsi düzgün təyin edilməyib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ikinci dərəcənin əvəzinə üçüncü dərəcəni təyin edib. Mənim kimi yüzlərlə hərbçi var…Sol əlində üç barmaq olmayan veteranın əlilliyi təyin edilmir".

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağ müharibəsi iştirakçısı çarəsizlikdən ağlayır

Onun sözlərinə görə, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunla nəzərdə tutulmuş sığorta pulu da onlara verilməyib: "Orada birinci dərəcə əlilliyə görə – 8 min 800 manat, ikinci dərəcə əlilliyə görə — 6 min 600 manat, üçüncü dərəcə əlilliyə görə — 4 min 400 AZN manat nəzərdə tutulub. Bizim akiyadan sonra söz verdilər ki, aprelin 18-ə qədər 2021-ci ildə əlillik dərəcəsi alan şəxslərin sığorta pulunu "Azərsığorta" ödəyəcək. Bu il dərəcə alan şəxslərin sığorta pulunu isə Dövlət Sosial Müdafiə Fondu ödəyəcək".

"Ötən dövrdə 2 min 763-dək…"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə "Turan"a bildirilib ki, "Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim nazirlikdə diqqət və qayğı ilə yanaşılır". Agentlikdən vurğulandığına görə, aidiyyəti qurumların təmsil olunduğu komissiya hərbi qulluqçuların əyani müayinə əsasında əlilliyini qiymətləndirir: "Ötən dövrdə 2 min 763-dək qaziyə əlillik və proaktiv qaydada sosial ödənişlər təyin edilib".

Sizin brauzer HTML5-i dəstəkləmir

"Yüz minlik maşınlarda otururlar, yuxarıdan aşağı baxırlar bizlərə"

Qeyd olunub ki, əlillik təyinatı müvafiq qanunvericilikdəki meyarlara uyğun, orqanizmin funksional pozuntuları yarandığı halda aparılır: "Elektron sistemə barəsində göndəriş və şəhadətnamə daxil edilmiş hər bir şəxs əyani müayinəyə çağırılır və bu sahədə heç bir şəxs diqqətdən kənarda qalmır".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də "Turan"a deyib ki, Qarabağ müharibəsi veteranların sosial müdafiəsi həm dövlətin, həm də cəmiyyətin diqqət mərkəzindədir: "6 mindən çox yaralımızın evlərinə gedib, vəziyyətləri öyrənilib və onlardan 4 min 731 nəfərin artıq hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməsi həyata keçirilib. Yəni, onların yarasını müharibədə almaları barədə ekspert qərarı çıxarılıb. 3 min nəfərə yaxın şəxsin əlillik dərəcəsi müəyyənləşdirilib və proses davam edir".

Ü.Cəfərov

"Bura İsveçrə deyil"

Hərbi ekspert Üzeyir Cəfərov isə AzadlıqRadiosuna bildirib ki, əlillik təyinatı ilə bağlı şikayətlərin çox ciddi əsasları var: "Aidiyyatlı qurumların, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi hələ də başa düşə bilmir ki, bura İsveçrə deyil, əlilliyin təyin edilməsi üçün burada İsveçrə modelini tədbiq etsinlər. Azərbaycan əhalisi İsveçrədəki kimi maaş almır və oradakı kimi həyat sürmür. Başa düşsünlər ki, adam ayağını itiribsə, onu faizlə ölçmürlər".

Ekspertin sözlərinə görə, 2016-cı ildə aprel döyüşlərində iştirak edən şəsxlərə hələ də veteranlıq vəsiqəsi verilməyib: "2020-ci ilin müharibəsi zamanı deyirdilər ki, hətta ezamiyyətdə olan şəxslərə müharibə veteranı adı düşür, indi isə deyirlər ki, aktiv döyüşlərdə iştirak etməmisiz deyə, sizə veteranlıq düşmür. Necə olur ki, döyüş bölgəsində olan bütün rayonların icra hakimiyyətinin məmurlarının cibində veteranlıq vəsiqəsi var? Onlardan kim müharibədə iştirak edib?".

Sizin brauzer HTML5-i dəstəkləmir

"Veteran olduğumu sübut edə bilmirəm"

Xatırlama

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 (9) noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda təmas xəttində Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb. Bu döyüşlərdə Azərbaycanın 3 min hərbi qulluqçu itirdiyi açıqlanıb. Həmin müharibədən 4 il əvvəl, aprel ayında da bir neçə gün bölgədə ağır silahlar işə düşmüşdü.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.