Qazaxıstan sanksiyalarla bağlı ABŞ şirkətlərinə təminat verib

«Kaşaqan» yatağı

ABŞ neft hasilatçılarını əmin ediblər ki, Moskvaya yeni sanksiyalar Qazaxıstandakı layihələrə təsir göstərməyəcək. Bununla da Rusiyaya dolaysıyla bağlı böyük investisiyaların yeni sanksiyalardan ziyan görəcəyi sarıdan narahatlıq azalmış olub. Bu haqda «The Financial Times» qəzeti yazır.

37 MİLYARD DOLLARLIQ İNVESTİSİYA

Ötən həftə ABŞ prezidenti Donald Trump Rusiyaya yeni sanksiyalar qanununu, könülsüz də olsa, imzalayıb. Bu addım Moskvanın ötən il ABŞ-dakı seçkilərə iddia olunan müdaxiləsindən dolayı atılıb. Sanksiyalar Rusiya enerji ixrac kəmərlərinin maliyyələşdirilməsini də qadağan edir və şirkətlər bunun bəzi layihələrə ziyan vura biləcəyindən narahat idi.

«Chevron» və «Exxon Mobil»in Qazaxıstanın «Tengiz» yatağında payları var və ötən il bu şirkətlər 37 milyard dollarlıq investisiyaya razılaşıblar. Bu yataqdan çıxarılan neft Rusiya ərazisiylə Qara dənizə Xəzər Kəmər Konsorsiumunun (CPC) kəməriylə daşınır.

***Buna da bax-Rusiya ABŞ dollarından asılılığı azaltmağa çalışır

«Bizim neftimizi dənizlərə, özəlliklə də Novorossiyskə çatdıran kəmərə sanksiyalar təsir göstərmir», – Qazaxıstanın milli iqtisadiyyat naziri Timur Suleimenov deyib.

«CPC-də pay sahibi olan «Chevron» kimi Amerika şirkətləri öz parlamentlərindən öyrəniblər ki, sanksiyalar tranzit kəmərlərə aid deyil. Bu səbəbdən, bu halda neftimizin xarici bazarlara çatdırılmasına təsir olmayacaq», – nazir deyib.

«CHEVRON» DA TƏSİRƏ İNANMIR

«Tengiz» layihəsində 50 faizi olan «Chevron» Suleimanov-un dediklərini şərh etməyib. Ancaq şirkət bildirib ki, Rusiyaya yeni sanksiyaların «Chevron»un Avrasiyadakı əməliyyatlarına və digər tərəfdaşlıqlarına təsir göstərəcəyinə inanmırlar.

ABŞ-ın sanksiyalarına necə əməl olunmasına nəzarət edən qurumdan da məsələyə şərh verməyiblər.

***Buna da bax-Medvedev: 'Sanksiyalar qanunu daha yaxşı əlaqələrə ümidləri bitirdi'

FT yazır ki, «Tengiz» yatağında «Exxon»un, Qazaxıstanın dövlət şirkəti olan «KazMunaiGas»ın və Rusiyanın «Lukoil» şirkətlərinin də payı var. İtaliyanın «Eni», Fransanın «Total», eləcə də «Exxon» və «Royal Dutch Shell» şirkətləri ölkənin digər böyük neft yatağı olan «Kaşaqan»da paya sahibdirlər və bu yataqdan da neft CPC kəməriylə daşınır.

RUSİYA TƏRƏFİNİN DƏ PAYI VAR

Rusiyanın 1000 km-lik ərazisindən keçən CPC-nin 31 faizinin sahibi Rusiya dövlətidir. Sanksiyalar qoyulmuş «Rosneft» və «Lukoil»un burada payı var.

Sanksiyalar layihəsi Konqresdə təklif olunanda bəzi sənaye ekspertləri xəbərdarlıq edirdilər ki, CPC-dən istifadə edən ABŞ şirkətlərinə prezidentin xüsusi icazəsi lazım ola bilər.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini qanunsuz ilhaq edəndən sonra Qərbin sanksiyaları, əsasən, Rusiyanın enerji sənayesini hədəfləyib. Ancaq Rusiyanın enerji ixracı kəmərlərinin maliyyələşdirilməsi, yaxud dəstəklənməsinə qarşı sanksiyaların hədəfi birbaşa «Gazprom»un «Şimal Axını 2» qaz kəməri layihəsi idi.

Tikilməkdə olan «Şimal Axını 2» Baltik dəniziylə Almaniyaya gedir. Onu Avropa Birliyinin enerji şirkətləri olan «Shell», «Engie», «Wintershall», «Uniper» və OMV qismən maliyyələşdirir.