“Azərbaycan Avropa Hərəkatı”nın rəhbəri Ramin Hacılı 7 il 7 ay 14 gün azadlıqdan məhrum edilib.
Onun üzərində olan əvvəlki cəzalar da nəzərə alınmaqla, yekun cəza müəyyənləşdirilib. Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə hökm çıxarılıb. Hökmə əsasən, Hacılı dələduzluq, qanunsuz miqrasiyanın təşkili və s. əməllərdə təqsirli bilinib.
Hacılı hökmə etiraz edib, hakimləri sifariş yerinə yetirməkdə ittham edib.
Buna da bax: Ramin Hacılıya 9 il həbs cəzası tələb olundu, ölüm aclığına başladığını açıqladıHökmdən öncə ona məhkəmədə son sözünü demək təklif olunub, o isə hazırlaşmaqdan ötrü hakimlərdən vaxt istəyib:
“Mənim arqumentlərimi səsləndirməyə imkanım yoxdur, səhhətim imkan vermir”.
Buna da bax: Azərbaycan hökuməti müxalifətçilərə görə təzminat ödəyəcək
Bir həftədir su içmədiyini deyir
Hakimlər Hacılının vaxt istəməsini son sözdən imtina kimi dəyərləndiriblər və hökm çıxarmaq üçün müşavirəyə yollanıblar.
Oktyabrın 19-da prokuror 9 il həbs cəzası istəyəndən sonra Hacılı aclığa başladığını bəyan etmişdi.
O, oktyabrın 26-da məhkəmədə yazılı vəsatət verib ki, təcili yardım çağırılsın.
Hacılının sözlərinə görə, 1 həftədir su belə içmir və durumunun ağır olmasına baxmayaraq, onunla maraqlanan yoxdur.
“Mən Azərbaycan vətəndaşıyam. Dustağı bir də dustaq edirsiz? Sizin mənə münasibətiniz budur. Siz dövlət adından qərar verirsiniz. Təcili yardım çağırın...”.
Onun vəsatəti təmin olunmayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
"Mütəşəkkil dəstə ortada yoxdur"
Vəkili Rəşad Əliyev də Hacılıya qarşı ittihamların əsassız olduğunu deyir. Onun sözlərinə görə, müvəkkili heç bir mütəşəkkil dəstənin üzvü olmadığı halda, ona belə bir ittiham verilib:
“Mütəşəkkil dəstə ortada yoxdur. Ramin Hacılı viza dəstəyi göstərən turizm şirkətinin rəhbəri olub. Ramin heç kimi aldatmayıb, dələduzluq yolu ilə onun əmlakını ələ keçirməyib, kimdənsə viza adı ilə pul alıb mənimsəməyib. Ramin pulu alıb həmin şəxsə viza üçün sənədlər hazırlayıb, onların biletini alıb və qalan məbləği özünə qazanc götürüb”.
Vəkil hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.
Hacılı ona qarşı irəli sürülmüş ittihamlardan yalnız saxta sənəd ittihamıyla razılaşır.
O deyir ki, dolanışığını təmin etmək üçün turizm sahəsində fəaliyyət göstərirdi. Onlara viza dəstəyindən ötrü müraciət edən şəxslərin bir çoxunun rəsmi iş yeri olmadığına görə hansısa şirkətlərin adından onlar üçün arayış hazırlanıb. Lakin o, heç kimi aldatmadığını, dələduzluq etmədiyini bildirir.
O, işi üzrə araşdırmaların natamam aparıldığını, müstəntiqin qərəzli olduğunu deyir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Əvvəllər “Dalğa” Gənclər Hərəkatının sədri olan Ramin Hacılı sonradan bir müddət Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub.
O, 2017-ci ildə ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham edilərək, cinayət məsuliyyətinə cəlb olunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. 2018-ci ildə sərhədi qanunsuz yolla keçməyə cəhddə ittiham edilərək yenidən saxlanılıb.
Hacılı bildirmişdi ki, borcları var və xaricə gedib işləyərək, borclarını qaytarmaq üçün sərhədi qanunsuz keçməyə çalışıb. Çünki üzərində şərti cəza olduğuna görə qanuni yolla ölkədən çıxa bilmirdi.