Rusiyanın baş naziri Dmitry Medvedev ABŞ prezidenti Donald Trump-ın avqustun 2-də sanksiyaları imzalamasını kəskin pisləyib. O deyib ki, bu qanun münasibətlərin yaxşılaşdırılmasına ümidlərə son qoyur və «Rusiyayla hərtərəfli ticarət müharibəsini» qızışdırır.
«ABŞ-ın yeni administrasiyasıyla münasibətləri yaxşılaşdırmağa ümidimiz sona çatdı», – Medvedev Facebook sosial şəbəkəsində yazıb.
***Buna da bax-Trump Rusiyaya qarşı sanksiyaları imzaladı
Bundan öncə Trump vaxtilə qarşı çıxdığı qanunu imzalayıb, ancaq onun «əsaslı şəkildə qüsurlu» olduğunu dilə gətirib. Trump onu da deyib ki, bu sanksiyaları tam yerinə yetirməyə bilər.
Bu qanun konqresmenlərə potensial vetonu rədd etmək hüququ da verirdi. Trump «milli vəhdət»i saxlamaq istədiyini dilə gətirib.
«GÜCSÜZLÜYÜNÜ GÖSTƏRDİ»
«Trump administrasiyası icraedici səlahiyyəti Konqresə təslim etməklə tam gücsüzlüyünü göstərdi», – Medvedev deyib.
«Amerikan isteblişmenti Trump üzərində tam qələbə qazandı. Prezident yeni sanksiyalardan məmnun deyildi, ancaq sənədi imzalamalı oldu», – baş nazir sözlərinə əlavə edib.
***Buna da bax-Almaniyadan Rusiyaya sanksiyalar layihəsiylə bağlı çağırış
Sanksiyalar Rusiyaya ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə, eləcə də Ukrayna və Suriyaya hərbi təcavüzünə görə qoyulur. Medvedev deyib ki, bu sanksiyalar Rusiyanı yalnız gücləndirəcək, çünki o, yeni bazarlar və sənayeləri inkişaf etdirməyə məcbur olacaq.
Medvedev onu da söyləyib ki, sanksiyalar ABŞ-Rusiya münasibətlərini illərlə pisləşdirəcək və onları geri çevirmək, demək olar, mümkün olmayacaq.
Rusiyanın Xarici İşlər Nazirliyi sanksiyaları «uzağı görməyən və təhlükəli» adlandırıb. Nazirlik bildirib ki, əks-tədbirlərə əl atmaq hüququnu özündə saxlayır. Artıq Rusiyadakı ABŞ diplomatik heyətinin 755 nəfər ixtisar olunmasına göstəriş verilib.
«BU, HEÇ NƏYİ DƏYİŞMİR»
Kremlin sözçüsü Dmitry Peskov isə bildirib ki, Moskva dərhal cavab tədbirləri görməyəcək, çünki bu, «de-fakto heç nəyi dəyişmir».
***Buna da bax-Rusiya ABŞ-dan diplomatik heyəti azaltmağı tələb edir
«Burada yeni bir şey yoxdur... Artıq cavab tədbirləri atmışıq», – Rusiya xəbər agentlikləri ona istinadla yazıb.
Rusiya xarici işlər naziri Sergei Lavrov ABŞ dövlət katibi Rex Tillerson-la görüşməlidir. Tillerson Rusiyayla əməkdaşlıq yollarını hələ axtardığını, sanksiyalar qanunundan məmnun olmadığını bildirib. Görüş bu həftəsonu Asiyada keçirilən sammit çərçivəsində baş tutmalıdır.
Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker avqustun 2-də xəbərdarlıq edib ki, bu sanksiyalar Avropanın enerji şirkətlərini də ziyana salacaq. Bu, özəlliklə Rusiyanın təbii qaz kəmərləri sistemləri üzərində işləyən şirkətlərə aiddir.
Almaniyanın iqtisadiyyat naziri daha öncə Avropa Birliyini sanksiyalara dirəniş göstərməyə çağırmışdı.