Trump Rusiyaya qarşı sanksiyaları imzaladı (Yenilənir)

Donald Trump

***

Rusiyanın xarici işlər nazirliyinin bəyanatında deyilir ki, yeni qanun uzağı görməməkdir və dünyadakı sabitliyi laxladır.

***

Rusiyanın baş naziri Dmitry Medvedev deyib ki, bu yeni sanksiyalar qanunu ilə ABŞ Rusiyaya tammiqyaslı ticarət müharibəsi elan eləyir.

O həmçinin deyib ki, yeni qanun iki ğlkə arasında münasibətlərin düzələcəyinə ümidlərə son qoydu.

***

Rusiya prezidentinin sözçüsü Dmitry Peskov deyib ki, bu yeni Amerika qanunu faktiki olaraq heç nəyi dəyişmir.

O hətta deyib ki. cavab addımları da artıq atılıb.

İyulun 28-də Rusiya tələb etdi ki, ABŞ Moskvadakı səfirliyinin işçilərini 755 nəfər azaltsın.

***

Trump bu yeni qanunda "açıq qeyri-konstitusion müddəalardan" isə narazılığını bildirib. Trumpın fikrincə, bu müddəalar xarici siyasətdə konstitusiyanın prezidentə verdiyi səlahiyyətləri daraldır.

ABŞ prezidenti Rusiyaya qarşı sanskiyaları zəiflətmək istəsə, yeni qanun Konqressə prezidentin belə cəhdlərinin qarşısını almaq hüququ verir.

***

Donald Trump öz bəyanatında bildirir ki, "problemlərinə baxmayaraq milli birlik naminə mən bu qanunu imzalayıram".

Trump deyir ki, o, Tehran və Pxenyandakı dələduz rejimlərin pis davranışa görə sərt cəzalanmasına tərəfdardır.

Trump bildirir ki, ABŞ özünün demokratik prosesinə kənardan müdaxiləyə dözməyəcəyini açıq nümayiş etdirir.

***

Yeni qanuna görə, əvvəlki sanskiyalar altda olan Rusiya banklarına ABŞ qurumlarından maliyyə ən çoxu 2 həftəliyə verilə bilər.

Bu banklar Sberbank, VTB, Rosselxozbank, Qazprombank, Bank Moskva və Xarici İqtisadi Əlaqələr Bankı Vneşekonombankdır.

Eyni qayda ilə Rusiyanın neft-qaz sektorundakı şirkətlərinə maliyyə ən çoxu 30 günlüyə verilə bilər.

***

Ağ Ev elan edib ki, ABŞ prezidenti Donald Trump avqustun 2-də Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanskiyalar qanununu imzalayıb.

Rusiyaya qarşı sanskiyalar ABŞ prezident seçkilərinə Rusiyanın müdaxiləsi, Krımın anneksiyası və Ukraynanın şərqindəki separatçılara Rusiyanın dəstəyinə görə qəbul olunub.

Qanun İrana və Şimali Koreyaya da sərt sanskiyalar qoyur. Bunlara səbəb hər iki ölkənin raket və nüvə proqramı, həmçinin insan haqları pozuntularıdır.

***

ABŞ prezidenti Donald Trump avqustun 2-də Rusiyaya qarşı sanksiyalar haqda qanunu qəbul edib. Bu barədə Reuters və Bloomberd məlumat yayıb.

ABŞ Senatı iyulun 27-də Rusiyaya sanksiyaları sərtləşdirən layihəni yekdilliklə qəbul etmişdi. İran və Şimali Koreyaya da yeni sanksiyalar qoyan layihə 98-2 səs çoxluğuyla qəbul olunmuşdu.

Bu sanksiyalar Qərb şirkətlərinin Rusiyada biznes qurmasını əngəlləyəcək. Rusiyanın enerji şirkətlərinə yeni sanksiyalar bu ölkənin ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə görə qoyulur. Daha bir səbəb Moskvanın Ukraynanın Krım vilayətini qanunsuz ilhaq etməsidir.

Hələlik ABŞ prezidentinin bu sənədi imzalamasına Moskvadan hər hansı reaksiya yoxdur. Amma Qərb ölkələri son bir neçə gündür həyəcan təbili çalırlar ki, Vaşinqtonun yeni qadağaları Avropanın enerji təhlükəsizliyinə ziyan vuracaq.

Almaniya rəsmiləri deyirlər ki, yeni sanksiyalar Rusiyanın «Gazprom» şirkətinin Baltik dənizi ərazisiylə Almaniyaya çəkdiyi «Şimal Axını 2» qaz kəməri layihəsinə də təsir edəcək. Buna görə Almaniya şirkətləri rəsmi Berlini ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına qarşı çıxmağa çağırırdılar.