"Azəriqazbank" rəhbərinin müşaviri olmuş Çingiz Mənsimovun sürücüsü onun əmlaklarını ələ keçirməkdə suçlanır. İddia olunur ki, sürücü Mənsimovun etibarından sui-istifadə edib, onun mənzillərini, bağ evini, avtomobilini gizli şəkildə satıb.
"Mən xaricdə yaşayıram. Bakıya gəlmişdik. Yoldaşımın telefonuna zəng gəldi. Nömrəni haradansa tapmışdılar. Demişdilər ki, əgər gəlib qeydiyyatdan çıxmasa, məhkəməyə verəcəyik. Ondan sonra bildik ki, ev satılıb. Sonra araşdırdıq, məlum oldu ki, atamın digər evlərini, maşınını da satıbmış...", – Fərəh Mənsimova məhkəmədə danışıb.
O deyir ki, Şahin Fətəliyev təxminən 25 il ərzində onların sürücüsü olub. Ona ailələrinin bir üzvü kimi yanaşıblar: "Mən ona "dayı" deyirdim, elə də yanaşırdım. Nə biləydim...".
Buna da bax: 'O işdə Polad Bülbüloğludan qorxub cəzalandırdılar, mənimsə evimi ələ keçirirlər'"Soruşanda da deyirdi ki, maşın ustadadır"
Mənsimova danışır ki, atası dializ xəstəsi idi, müalicəyə görə tez-tez İsrailə gedib-gəlirdi. Özü ölkədə olmadığı müddətdə lazım olan hüquqi addımların atılması üçün sürücüsünə etibarnamə verib: "Bir evi atamın adından tanışı İlham Qasımovun adına keçirib, sonra da satıb. Həmin vaxt məlum oldu ki, bağ evimizi də satışa çıxarıb, elan verib. 44 sot ərazisi, 300 kvadratmetr evi olan bağı əlimyandıda 100 min manata satışa çıxarmışdı. Atamın "Toyota Prado" markalı maşını vardı, onu Lənkərandan kiməsə satıbmış. Soruşanda da deyirdi ki, maşın ustadadır...".
Keçmiş sürücü Şahin Fətəliyev mənzillərdən birini adına keçirdiyi İlham Qasımovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Fətəliyev həbsdədir, Qasımovun barəsində isə istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.
Fətəliyev özünü qismən təqsirli bilir, baş verənləri borcu olması ilə izah edir. Amma o, ittihamda yazılan bir sıra məsələlərlə razılaşmadığını, şişirtmə olduğunu deyir.
Buna da bax: Generalın əmisi oğlu onun adıyla adamlardan pul toplayıb"Əldə olunan pulun böyük hissəsi..."
Digər təqsirləndirilən Qasımov isə, ümumiyyətlə, özünü təqsirli bilmir. O bildirib ki, Fətəliyevin xahişi ilə notariusdakı hüquqi addımlarda iştirak edib.
"O evin alqı-satqısından əldə olunan pulun böyük hissəsi dərhal bir qadının hesabına köçürülüb. Qalan pul da Şahin Fətəliyevə verilib. Qadının o pulu götürməsi haqda rəsmi bank sənədi var, iş materialları arasındadır. Yəni, o mənzilin pulundan İlham Qasımova 1 manat çatmayıb", – vəkili belə deyir.
Zərərçəkmiş Mənsimov bir müddət öncə vəfat edib. Onun qızı keçmiş sürücülərinə qarşı 700 min manatlıq mülki iddia qaldırıb. Deyir ki, əslində isə dəymiş ziyan bu məbləğdən daha çoxdur, çünki satılan təkcə bir mənzilin bazar qiyməti 400 min manatdır.
Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.
Sürücü Fətəliyevin ittiham olunduğu CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.