Ukrayna Rusiya dövlət televiziyasının jurnalistini ölkədən çıxardığını bildirir. Rusiya və ATƏT isə bu addımı öncədən pisləyib.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sözçüsü Olena Hitlyanska avqustun 30-da Facebook-da yazıb ki, Rusiyanın «Birinci kanal»ının əməkdaşı Anna Kurbatova Rusiyaya göndərilib və 3 il ərzində Ukraynaya girməsi yasaqlanıb.
«UKRAYNANI GÖZDƏN SALMAĞA ÇALIŞAN HƏR KƏS...»
«Rusiyanın təbliğatçısı Anna Kurbatova-nın ölkədən məcburən çıxarılmasına qərar verilib və Ukrayna-Rusiya sərhədini keçib. Onun üç il ərzində ölkəmizə gəlməsi qadağan olunub», – Hitlyanska söyləyib.
Daha öncə Hitlyanska medianın Kurbatova ilə bağlı suallarını cavablandırmayıb.
«Bu, Ukraynanı gözdən salmağa çalışan hər kəsin başına gələcək», – o, Facebook-da yazıb.
Rusiyaya çatan Kurbatova ölkənin xəbər agentliklərinə deyib ki, SBU ona rəsmi sənəd göstərib, onun Ukraynanın milli təhlükəsizliyi və suverenliyinə təhlükə yaratdığı bildirilib. Çünki o, reportajlarında Ukraynanın şərqindəki münaqişəni «Rusiyanın təcavüzü» deyil, «vətəndaş müharibəsi» adlandırıb.
«Birinci kanal» Kurbatova-nın daha öncə də onun reportajlarını xoşlamayan şəxslərdən hədə aldığını bildirirdi.
«JURNALİSTLƏRİ DEPORTASİYA ETMƏYİN»
Kiyevin jurnalistlərlə davranışını ATƏT pisləyib. Qurumun media azadlığı üzrə təmsilçisi Harlem Desir Twitter-də yazıb ki, «Ukraynanı digər ATƏT ölkələrindən jurnalistləri həbs və deportasiya etməməyə çağırıram».
Rusiyada Vətəndaş cəmiyyəti və insan haqları üzrə Prezident Şurasının sədri Mikhail Fedotov isə deyib ki, Ukrayna ATƏT-in mətbuat azadlığı prinsiplərinə əməl etməlidir. Bu haqda TASS məlumat yayıb.
Kiyev 2014-cü ildən bəri Rusiyanın onlarla televiziyasını qadağan edib, onları hərbi təbliğat yaymaqda suçlayıb.
Rusiya 2014-cü ilin martında Ukraynanın Krım vilayətini ilhaq edib. Ukraynanın şərqində hökumət qüvvələriylə separatçıların münaqişəsində 10 mindən çox adam həlak olub.