Uşaqlarınızın şəkillərini sosial mediada paylaşmaq düzgündürmü

Sosial media

Instagram-da 5.3 milyon izləyicisi olan Gwyneth Paltrow-nun 14-yaşlı qızı Apple Martin bu yaxınlarda anasının onun şəkillərini paylaşmasına etiraz edib. Bu hadisə valideynlərin uşaqların şəkillərini internetdə paylaşmasının düzgün olub-olmaması haqda diskussiyaya səbəb olub.

Çox vaxt yeniyetmələrin özəl həyata etinasız yanaşdığı, əllərinə keçəni paylaşdığı deyilsə də, əslində, valideynlər bu məsələdə uşaqlardan daha məsuliyyətsiz davrana bilir.

Həyatımızın get-gedə daha çox parçası internetə köçür və bundan qurtuluş, az qala, qeyri-mümkündür. Bu haqda «The Conversation» portalında Garfield Benjamin yazır.

Uşaq metodları

Hətta məktəblər belə, uşaqların həyatlarını və məlumatlarını internetə yerləşdirirlər. Üzün tanınması texnologiyasının uşaqların mühafizəsi, monitorinq prosesi və s. məsələlərdə yardım edəcəyini anlamaq olur. Ancaq məlumatların insanların icazəsi olmadan paylaşılması halları get-gedə artır.

Buna da bax: Facebook 6 ayda 3 milyard saxta hesabı bağlayıb

Bəlkə də uşaqların özəl həyat haqda nigarançılığı elə buna görədir. Sadəcə, onları bir qədər başqa şeylər narahat edir. Böyüklər öz məlumatlarını korporasiya, hökumət, hakerlər və stolkerlərdən qorumağa çalışırsa, gənclərin narahatlığı bununla bitmir. Onlar öz məlumatlarını məktəblərdən və ailə üzvlərindən gizlətməyə çalışırlar. Özü də onlar özlərinə gərəkən spesifik gizliliyi əldə etmək üçün get-gedə daha innovativ üsullar axtarıb tapırlar. Uşaqlar bundan ötrü bir neçə kimliyi və maskalanmış kommunikasiyanı daha yaxşı idarə etməyi öyrəniblər. Elə böyüklər də başqalarına özlərini fərqli təqdim edirlər. Texnologiya istifadəçilərə öz fəaliyyətlərini saxta şəxsi profillər və gizli mənalar arxasında gizlətmək imkanı verir. Uşaqlar «finstagram» (fake Instagram) profillərindən istifadə edərək yoldaşları ilə paylaşdıqları şəxsi görüntüləri ailə ilə paylaşdıqlarından ayıra bilirlər. Yeniyetmələr texnologiyadan istifadə məsələlərində həm yaxşı adaptasiya olunurlar, həm və innovativdirlər.

Müəllif yazır ki, bu gün şirkətlər datanı neft kimi bazara çıxarırlar. İnsanlar nəhayət ki, şəxsi məlumatlara kimliyin mühüm parçası kimi baxmağı öyrənməli, cəmiyyətdə özünü qorumaq gücü az olan insanların, o cümlədən uşaqların təhlükəsizliyinin qayğısına qalmalıdırlar.

Elə qanunlar da yavaş-yavaş bu düşüncə tərzini dəstəkləməyə başlayıb. Məsələn, Avropa Birliyinin GDPR qanunvericiliyi məlumatların toplanması və istifadəsi məsələlərində razılıq və nəzarəti istifadəçilərə qaytarmaq istiqamətində atılmış addımdır.

Buna da bax: Sosial media şirkətləri intihar postları ilə bağlı nə edir?

Tövsiyələr

Bəs özəl həyatı valideynlər pozursa, necə olsun? Çox adam uşaqlarının, ailəsinin və dostlarının şəkillərini paylaşmağı sevir. Ancaq uşaqlara onlayn davranış, məlumat və gizliliyin vacib olduğu öyrədilməlidir. Valideynlər bunu öz davranışları və nümunələri ilə göstərməlidirlər.

Uşaqların görüntülərini paylaşmaqla valideynlər onlara göstərir ki, hətta ən yaxın adamlar belə məlumat və kimliklərini istismar edə bilər. Bu onları gələcəkdə data formasında rahat alınıb satıla biləcəkləri ideyasına hazırlayır. Valideynlər uşaqlarına bu mənfi nümunəni yox, özlərini qoruya bilmələri üçün tutarlı alətlər verməlidirlər.

Başlamaq heç vaxt tez deyil. Müəllifin fikrincə, yeni valideyn olanlar övladları ilə bağlı nə qədər məlumatı internetdə paylaşacaqları haqda yaxşı düşünməlidirlər. Bu hər şeyin gizli saxlanması demək deyil, nəyin nə vaxt və kiminlə paylaşılmasını götür-qoy etməkdir.

Bu məsələdə uşaqların təlimi də erkən başlaya bilər. Hətta üçyaşlı uşaqdan da şəkillərinin qohumlar və dostlarla paylaşılması üçün icazə almaq olar.

Britaniyanın uşaqların mühafizəsi komissiyası uşaqlarla bağlı datanın azaldılmasından ötrü 10 məsləhət verib. Onların arasında uşağınızın doğum günü, yaxud yerləşdiyi məkanı bildirən postların paylaşılmaması da var. Bundan başqa, data toplayan şirkət və qurumlardan bunu nə üçün etdiklərini, məlumatları harada istifadə edəcəklərini soruşmaq lazımdır.