Rusiyadan Almaniyaya Baltik dənizinin dibi ilə qaz nəql etməli olan ŞimalAxını 2 layihəsininin əsas podratçısı boru düzümünü dayandırmağı qərara alıb.
Bu barədə məlumatı İsveçrənin Allseas şirkəti Rusiyanın RIA Novosti xəbər agentliyinə verib.
Bu kəmər çəkilişinin tam başa çatdırılması üçün cəmi 160 kilometrlik məsafədə borular düzülməli idi.
Amma boruların düzülməsi işi ABŞ-ın yeni sanksiyalarına görə dayandırılıb.
ABŞ prezidenti Donald Trump ölkənin 2020-ci il üçün büdcəsinə dair qanun layihəsini imzalayıb.
Bu qanunda ŞimalAxını 2 və TürkAxını qaz kəməri layihələrinin inşaatçılarına sanksiyaların qoyulması nəzərdə tutulur.
Buna da bax: Trump ‘Şimal axını-2’-yə qarşı sanksiya layihəsini imzalayıb
Qanun layihəsinin təşəbbüsçüsü olan ABŞ millət vəkilləri öz qərarlarını Avropanı Rusiyanın qaz asılılğından xilas etmək arzusu ilə izah edirlər.
Bütün dünyada dəniz dibi ilə boru çəkilişi üzrə ən iri şirkət olan Allseas frimasının Pioneering Spirit borudüzmə gəmisi ABŞ sanksiyalarına düşməyə bilərdi. Amma bunun üçün borudüzmə işləri yanvarın 20-dək başa çatdırılmalıdır.
Bu gəmi 2460 kilometrlik boru kəmərinin yalnız 160 kilometrlik son sektorunun tikintisini başa çatdırmayıb.
Şirkət bildirir ki, öz resurslarını başqa layihələrə keçirir.
Dekabrın 27-də Rusiyanın energetika naziri Alexander Novak deyib ki, Gazprom şirkəti bu sektorda boruları kənar dəstək olmadan da düzə bilər.
O deyib ki, bu işin öhdəsindən Gazpromun “Akademik Çerski” gəmisi də gələ bilər.
Rusiya ŞimalAxını 2 kəmərini 2020-ci ildə istifadəyə verməyi planlaşdırır.