MN: Ermənistan dövlət sərhədində atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin iki ölkənin dövlət sərhədində yerləşən Azərbaycan bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutduğu bildirilir.
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 2-si, saat təqribən 10-da yayıb.
Məlumata görə, noyabrın 2-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd, Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrinin mövqeləri atəşə tutulub.
'Ağdam və Ağcabədi rayonları atəşə tutulur'
"Noyabrın 2-də saat 06:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur".
Bu məlumatı AMN yayıb.
Hələlik, itki və dağıntı haqqında məlumat verilmir.
Cəbhədə noyabrın 2-nə olan son vəziyyət
Noyabrın 1-i gün ərzində, habelə 2-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, yaşayış məntəqələrini artilleriya və raketlər də daxil müxtəlif silahlardan atəşə tutduqları deyilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 2-i səhər saatlarında məlumat yayıb: "Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib".
Açıqlamaya görə, müdafiə olunan qarşı tərəfin bölmələri cəbhənin bəzi istiqamətlərində geri çəkilməyə məcbur edilib: "Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir".
Nazirlər də görüşüb
Bu gün, noyabrın 1-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla da Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun görüşü olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədəki son vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb.
Açıqlamaya görə, Ceyhun Bayramov deyib ki, Ermənistan humanitar atəşkəslə bağlı razılıqlara rəğmən dinc əhalini atəşə tutur.
Habelə, bildirildiyinə görə, o qeyd edib ki, Ermənistan Cenevrə görüşündən (oktyabrın 30-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü) sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışına məhəl qoymayaraq yenidən Azərbaycanın yaşayış məntəqələrini hədəf alır:
“Nazirlər bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ( 1993-cü ildə qəbul edilən 4 qətmanə nəzərdə tutulur) tələblərinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini vurğuladılar.”