Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:50

«Freedom House»: «Azərbaycanda demokratiya göstəriciləri bir az da azalıb»


«Freedom House»
«Freedom House»


Təşkilatının icraçı direktorunun müavini Tomas O.Melia: «Sə b əb seçki təbliğatına qadağalar, seçkini müşahidə etmək üçün QHT-lərin üzləşdiyi çətinliklərdir»



Azərbaycan qeyri-azad ölkə olaraq qalır, o, demokratik proses və institutların qurulması üçün hələ xeyli yol getməlidir. Ötən il parlament seçkilərilə əlaqədar Azərbaycanın demokratik göstəriciləri bir az da azalıb.


Bunu «Freedom House» təşkilatının icraçı direktorunun müavini Tomas O.Melia «Azadlıq» radiosuna müsahibəsində deyib: «Səbəb seçki təbliğatına qadağalar, seçkini müşahidə etmək üçün QHT-lərin üzləşdiyi çətinliklərdir. Siyasət çox gec, seçkidən az əvvəl dəyişdi, ancaq bu, kağız üzərində yaxşı görünür, əslində, seçkini müşahidə etmək istəyən QHT-lər yaxşı təşkilatlana bilmədilər. Hökumət tərəfdən müsbət addımlar var, bəzi qanunlar qəbul olunur, sərəncamlar verilir, ancaq bunlar yerinə yetirilmir ki, tam demokratik irəliləyiş olsun».


Tomas O.Melia deyir ki, «Freedom House» hesabat hazırlayarkən müxalifət, müstəqil və iqtidar mənbələrindən məlumatlar toplayır. Qurumun təmsilçiləri aprelin 28-də Bakıda rəsmilərlə görüşəcəklər.


Aprelin 27-də «Azərbaycan yolayrıcında» mövzusunda təşkil olunmuş dəyirmi masada «Freedom House»un iş metodologiyası barədə müzakirə aparılıb.


«Freedom House» hər hansı ölkədə demokratik vəziyyəti 7 ballıq şkalayla qiymətləndirir, ən azad ölkə 1, ən qeyri-azadsa 7 balla qiymətləndirilir. «Freedom House»a görə, Azərbaycanda 2006-cı ildə seçki prosesinin azadlıq indeksi 6.5 bal olub. KİV sahəsində Azərbaycanın azadlıq reytinqi 6 bal, vətəndaş cəmiyyəti üzrəsə 5 baldır.


Ümumilikdə, təşkilatın keçid dövrünü yaşayan ölkələrə dair hesabatında Azərbaycanın demokratiyaya dair qiyməti 5.93-dür və bütün göstəricilər üzrə ölkədə geriyə doğru tendensiyanın mövcudluğu vurğulanıb.


Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı isə deyir ki, «Freedom House»un hesabatı qeyri-dəqiq məlumatlara əsaslanır, birtərəflidir və əsasən müxalifyönlü mənbələrin mövqeyini əks etdirir: «Əgər Azərbaycan azad ölkə olmasaydı, «Freedom House» burda belə bir tədbir keçirə bilməzdi, xarici radiostansiyalar işləyə bilməzdi, siyasi partiyalar fəaliyyət göstərməzdi».


Aprelin 26-da «Freedom House» və digər insan haqları təşkilatı – Human Rigts Watch Birləşmiş Ştatların prezidenti Corc Buşa müraciət edərək, onu azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə bu ölkədə demokratiya və insan haqları məsələsini qaldırmağa çağırıb. İki ölkə prezidentinin görüşü aprelin 28-nə nəzərdə tutulub.


XS
SM
MD
LG