Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:56

Antalyadan bahalı Azərbaycan kurortları…


Şəki, «Yuxarı karvansaray» oteli
Şəki, «Yuxarı karvansaray» oteli

Göygöl ətrafında, Şəkidəki «Marxal» istirahət zonasında, Nabranda orta səviyyədən yüksək komfortlu kotteclərdə bir gün qalmağın qiyməti bir nəfər üçün 70 dollardır. Bu isə Türkiyədə eyni səviyyəli istirahətdən 2-3 dəfə bahadır


Ekspertlər Azərbaycanda turizm sahəsində qiymətlərin baha olmasını ilk növbədə yerli bazarın məhdudluğu ilə izah edirlər. Dünyada Cənubi Qafqaz haqqında etnik münaqişələrin, müharibə ocaqlarının mövcud olduğu bir bölgə təsəvvürü var. Bu da bölgənin xarici turistlər üçün cəlbediciliyini azaldır. Belə olan halda turizm yerli əhalinin hesabına inkişaf etməlidir. Amma Azərbaycanda əhalinin böyük hissəsinin dolanışıq səviyyəsi aşağıdır və insanlar istirahətdən qabaq çörək pulu qazanmaq haqqında düşünürlər. Əgər məsələn, Türkiyədə turizm biznesi ilə məşğul olanlar qiymətləri xeyli ucuzlaşdırıb, turistlərin sayının çoxluğu hesabına gəlir götürürlərsə, Azərbaycanda əksinə, turist az olduğu üçün sahibkarlar gəlir əldə etmək və öz bizneslərini inkişaf etdirmək üçün qiyməti qaldırırlar. Məsələn, Azərbaycanın məşhur istirahət məkanlarında – Göygöl ətrafında, Şəkidəki "Marxal" istirahət zonasında, Nabranda orta səviyyədən yüksək komfortlu kotteclərdə bir gün qalmağın qiyməti bir nəfər üçün 70 dollardır. Bu isə Türkiyədə eyni səviyyəli istirahətdən 2-3 dəfə bahadır.


Amma ekspertlər qiymətlərin bahalığını həm də Azərbaycanda zəngin adamların sayının artmasıyla izah edirlər. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, ölkədə əhalinin böyük hissəsi orta səviyyədən aşağı gəlirlərə malik olsa da, sürətlə varlanan təbəqə də var: «Həmin şəxslər üçün xarici ölkələrlə Azərbaycanın turizm zonaları arasındakı qiymət fərqinin elə bir ciddi əhəmiyyəti yoxdur».


O ki qaldı ucuz istirahət imkanlarına, məsələn, Şəkidəki Ailə-İstirahət Turizm Təşkilatının sədri Fərhad Əzizov deyir ki, onların təşkil etdiyi turlarda yerli sakinlərin evlərində kirayə qalmaq da olar: «Həmin evlərdə bir gün qalmağın qiyməti 6 manatdır. Bura səhər yeməyi də daxildir».


Bundan başqa, bölgələrdə sovet dövründən qalma mehmanxanalar da var. Amma onlar müasir tələblərə cavab vermir.


Azərbaycanın turizm sahəsindəki qiymətlərin bahalığını monopoliya ilə bağlayanlar da var. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, çox vaxt hansısa bir bölgədə tikilən turizm obyektlərinin arxasında dövlət məmurları dayanır və həmin ərazidə başqa sahibkarların da fəaliyyət göstərməsinə imkan verilmir: «Belə olanda, rəqabət yaranmır və qiymətlər aşağı düşmür»


Amma dövlət orqanları turizm sahəsinin son illərdə dinamik inkişaf etdiyini və ölkəyə gələn turistlərin getdikcə artdığını bildirirlər. Ötən ilin statistik məlumatlarına görə, Azərbaycana 865 min nəfər turist gəlib.


XS
SM
MD
LG