Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:46

Azərbaycan İsraildə səfirlik açmağa tələsmir


Azərbaycan Xarici İşlər Nazirliyinin binası
Azərbaycan Xarici İşlər Nazirliyinin binası

Bəzi ekspertlərin fikrincə, İsraildə Azərbaycan səfirliyinin açılmasına mane olan əsas faktor İrandır


İsraildə Azərbaycan səfirliyinin açılması həmişə haqqında danışılan məsələlərdəndir. Müxtəlif vaxtlarda belə demək mümkündürsə, Bakının ünvanına bununla bağlı iradlar da səslənir. Hətta belə fikirlər də var ki, Prezident İlham Əliyev ABŞ-da prezident Corc Buşla görüşərkən bu məsələ da müzakirə mövzusu olub.


Xarici işlər naziri Elmar Məmmədyarov isə deyir ki, prezidentlər bu məsələni müzakirə etməyiblər. Ancaq onun özü ABŞ-ın yəhudi icması ilə görüşərkən bu barədə danışıblar. Nazirin sözlərinə görə, imkan olan kimi İsraildə Azərbaycan səfirliyi açılacaq. Ən azı İsraildə 30 minə yaxın keçmiş Azərbaycan vətəndaşının yaşaması baxımından orada səfirliyin açılması zəruridir.


Amma politoloq Rasim Musabəyov deyir ki, İsraildə səfirliyin açılması üçün bütün imkanlar var və bu, Azərbaycana çox şey verər. Belə ki, İsrail Yaxın Şərqin ən inkişaf etmiş dövlətidir. Rasim Musabəyovun fikrincə, Azərbaycan tərəfi müəyyən siyasi səbəblərə görə İsraildə səfirliyini açmağa tələsmir.


Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr komissiyasının üzvü Asim Mollazadə isə səfirliyin indiyə qədər açılmamasının siyasi səbəblərlə əlaqələndirilməsini düzgün saymır. Ancaq o, da hesab edir ki, İsraildə səfirliyin açılması Azərbaycanın mənafeyi baxımından sərfəlidir. Belə ki, orada yaşayan keçmiş Azərbaycan vətəndaşları ilə əlaqələri tənzimləməklə ölkə öz vəziyyətini gücləndirə bilər: «Eyni zamanda dünyada fəaliyyət göstərən bir sıra yəhudi təşkilatlarının Azərbaycanın haqq sözünü beynəlxalq aləmə çatdırmaqda dəstəyi arta bilər».


Ümumiyyətlə, bu məsələdə İranın adını hallandıranlar az deyil. Bəzi mütəxəssislər hesab edirlər ki, əslində, İsraildə Azərbaycan səfirliyinin açılmasına mane olan əsas faktor İrandır. Tehran bu məsələyə etiraz edir. Ancaq bu fikirlə razılaşmayanlar da var.


Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri Daimi Komissiyasının sədr müavini, hakim YAP-dan olan millət vəkili Aydın Mirzəzadə deyir ki, Azərbaycan xarici siyasət kursunu müəyyənləşdirərkən ilk növbədə öz maraqlarını əsas götürür. Bu məsələdə hansısa ölkənin Azərbaycanın qərarına təsiri tamamilə istisnadır. Onun fikrincə, bu işdə İsrailin qonşuları ilə müharibə vəziyyətində olması da öz təsirini göstərir:


«İsraildə səfirliyin açılması məsələsi bir neçə dəfə qaldırılıb. Azərbaycan hökuməti bildirib ki, bundan ötrü müəyyən texniki və kadr məsələləri həll edilməlidir. Region çox mürəkkəbdir. Buna görə də səfirliyin açılmasına qədər bir sıra məsələlər həll edilməlidir. Ancaq buna baxmayaraq, Azərbaycanın İsraildə qəti olaraq səfirlik açmaq istəyi var və bunun üzərində iş gedir».


Politoloq Rasim Musabəyov isə hesab edir ki, İsraildə Azərbaycan səfirliyinin açılmaması məsələsində İranın təsiri yetərincədir. Məhz bu məqam işin uzanmasına səbəb olub. Politoloq deyir ki, Azərbaycanın İranla əlaqələri də önəmlidir. Naxçıvanla bağlı məsələlər, İran ərazisindən keçən kommunikasiya xətləri və bir çox başqa məsələlər var ki, Bakı bu əlaqələrə xələl gəlməsini də istəməz. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövləti İsraildə öz səfirliyini açmalıdır. Çünki bu çox önəmlidir.


İsraillə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayından başlayıb. 1993-cü ilin avqustunda isə bu ölkənin Bakıda səfirliyi açılıb.


Ölkələr arasında ən yüksək səviyyəli görüş 1997-ci ildə keçirilib. Həmin ilin avqust ayında İsrailin baş naziri Benyamin Netanyahu Bakıda rəsmi səfərdə olub. İki ölkənin müxtəlif nazirlikləri arasında rəsmi anlaşmalar olsa da, dövlətlər arasında əməkdaşlıq barədə hər hansı sənəd imzalanmayıb. Hazırda İsrailin Bakıdakı təmsilçisi Artur Lenk Azərbaycanda bu ölkənin sayca 4-cü səfiridir.


İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir.


XS
SM
MD
LG