Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:42

ATƏT hesab edir ki, davamlı seçki islahatlarına ehtiyac var


ATƏT 13 may seçkilərini yaxından izləyib
ATƏT 13 may seçkilərini yaxından izləyib
Təşkilatın Müşahidə Missiyasının mayın 15-də verdiyi açıqlamada belə deyilir

Mayın 13-də keçirilmiş təkrar parlament seçkilərində bəzi irəliləyişlər nəzərə çarpsa da, davamlı seçki islahatlarına ehtiyac var. Bəzi narahatedici məqamlar hələ də aradan qaldırılmayıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Məhdud Seçki Müşahidə Missiyasının mayın 15-də verdiyi açıqlamada belə deyilir.


Sənəddə o da deyilir ki, narahatlıq doğuran məqamlar seçki komissiyalarının tərkibi, yerlərdə səlahiyyətli şəxslərin seçki prosesinə müdaxiləsi, eyni zamanda, istər seçki komissiyalarının, istərsə də məhkəmələrin şikayət ərizələrinə baxması ilə bağlıdır.


Müşahidə Missiyası həmçinin səsvermənin keçirilməsi, səslərin sayılması və protokollaşdırılması zamanı da qanun pozuntuları olduğunu bildirir.


Bununla belə, missiya Mərkəzi Seçki Komissiyasının seçkilərin ertəsi günü məntəqələr üzrə protokolların internet səhifəsində yerləşdirməsini, eləcə də namizədlərin qeydə alınması, kampaniyaların maneəsiz aparılmasını irəliyə doğru addım kimi qiymətləndirib.


ATƏT-in Məhdud Seçki Müşahidə Missiyası may seçkiləri ilə bağlı monitorinqin nəticələrini ötən ilin payızında keçirilmiş seçkilərlə bağlı hazırlanmış və bu il fevralın 1-də açıqlanmış yekun hesabata əlavə edəcək. Həmin əlavə isə may seçkilərindən təxminən dörd həftə sonra açıqlanacaq.


ATƏT-in Müşahidə Missiyasının yekun hesabatında isə noyabr seçkilərinin beynəlxalq standartlara və öhdəliklərə cavab vermədiyi deyilir, sərbəst toplaşmaq azadlığı və seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı bir sıra tövsiyələr verilirdi.


Müsavat Partiyası isə mayın 15-də yaydığı bəyanatda bu seçkilərin total saxtalaşdırma şəraitində keçdiyini, beynəlxalq standartlara cavab vermədiyini bildirib. Partiya başqanının müavini Mehman Cavadoğlu: «Bizdə bunu sübüt edəcək xeyli sənəd var. Artıq bizim namizədlər MSK-ya müraciət etməyə başlayıblar».


Müsavat Partiyası təkrar seçkilərə on namizədlə qatılmışdı.


MSK-nın ilkin məlumatlarına görəsə, may seçkilərində hakim YAP-dan beş nəfər, iki müxalifət nümayəndəsi və üç bitərəf seçilib.


XS
SM
MD
LG