Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:43

Adil İsmayılov: «Hacı Məmmədovun işi ilə Elmar Hüseynovun qətli arasında əlaqə mümkündür»


«Panorama»da müzakirə, 3 iyun 2006
«Panorama»da müzakirə, 3 iyun 2006

Qonağımız vəkil Adil İsmayılovdur. Söhbətdə həmçinin «Xalq qəzeti»nin əməkdaşı Səbuhi Məmmədli və «Yeni Müsavat» qəzetinin şərhçisi Xalid Kazımlı iştirak edir.


1997-ci ildən 2005-ci ilə qədər ölkədə insan oğurluğu və bir sıra ağır qətllər törətməkdə günahlandırılan yüksək rütbəli polis əməkdaşları ilə bağlı cinayət işi nəhayət ki, bu həftə yekunlaşıb məhkəməyə göndərildi. Söhbət Daxili İşlər Nazirliyində Baş Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili Hacı Məmmədov və onun rəisi general Zakir Nəsirovla bağlı cinayət işindən gedir.


Zakir Nəsirovun vəkili Adil İsmayılov deyir ki, Hacı Məmmədov həmin əməlləri törətdiyini etiraf etsə də, Zakir Nəsirov özünü təqsirli bilmir: «Faktiki olaraq Zakir Nəsirov yalnız Hacı Məmmədovun ifadəsi əsasında tutulub. Yəni işdə Zakir Nəsirovun təqsirini təsdiq edəcək başqa bir sübut yoxdur».


Vəkil Adil İsmayılov, 3 iyun 2006
«Ola bilərmi ki, belə əməlləri törədən dəstə himayə olunmadan uzun müddət ifşa edilməsin» sualına cavabında Adil İsmayılov bildirir ki, bu işin başqa himayədarları müəyyən olunmayıb: «Cinayət işinin materiallarında bu cinayətkar dəstəni kiminsə himayə etdiyi barədə heç bir məlumat yoxdur. Amma cinayət işinin materialları ilə tanış olandan sonra deyə bilərəm ki, bu iş hələ 1999-cu ildə açılmalıydı. Çünki artıq 1999-cu ildə hüquq-mühafizə orqanlarında bu hadisəni törədən şəxslər haqqında konkret məlumatlar vardı».


İctimaiyyətdə belə bir rəy var ki, Hacı Məmmədovun dəstəsi Beynəlxalq Bankın müdirinin həyat yoldaşını oğurlamasaydı, uzun müddət öz fəaliyyətini davam etdirəcəkdi. Adil İsmayılov bu fikirlə razılaşmır. «Dəstənin qətlə yetirdiyi Rövşən Əliyev də balaca adam olmayıb. Respublika Prokurorluğunda İstintaq İdarəsinin rəis müavini vəzifəsində işləyib. Kifayət qədər nüfuzu olan adam olub... » deyən Adil Hüseynov hesab edir ki, əslində, işin açılmasının səbəbi Elmar Hüseynovun qətlə yetirilməsidir: «Elmar Hüseynov martın 2-də qətlə yetirilib. Zamirə Hacıyeva isə fevralın 10-da oğurlanıb. Deməli, fevralın 10-dan martın 2-dək müəyyən müddət keçib. Martın 2-də Elmar Hüseynovun qətlindən sonra bütün bu hərəkətlər baş verdi. Faktiki olaraq, Elmar Hüseynovun qətli bu hadisələrin açılmasına təkan verdi. Çünki cəmiyyətdə ciddi gərginlik yaranmışdı. Bu işin açılması bir növ o gərginliyi azaltdı».


Adil İsmayılov Hacı Məmmədovun işi ilə Elmar Hüseynovun qətli arasında əlaqəni də istisna etmir: «Bizə təqdim olunanlar yalnız istintaq materiallarıdır. Əməliyyat materialları bizə təqdim olunmayıb. Amma işdə olan materiallardan da söyləmək olar ki, Hacı Məmmədovun işi ilə Elmar Hüseynovun işi arasında əlaqə olması mümkündür».


DİNLƏYİN!
XS
SM
MD
LG