Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:25

Azərbaycanda necə cəza çəkirlər?


4 saylı Cəzaçəkmə Müəssisəsi
4 saylı Cəzaçəkmə Müəssisəsi
Son illər Azərbaycanda cəzaçəkmə yerləri həm yerli, həm də beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqət mərkəzindədir.

ABŞ Dövlət Departamentinin Azərbaycanda İnsan Haqlarının vəziyyətiylə bağlı illik hesabatında deyilirdi ki, ölkədəki cəzaçəkmə yerlərində saxlanma şəraitinin çox sərt, ilkin həbsin çox uzunmüddətli olması bir sıra problemlər yaradır. Hesabatda vurğulanır ki, vərəm xəstəliyi hələ də cəzaçəkmə yerləri üçün problemdir, onlarla məhbus bu xəstəlikdən ölür.
Azərbaycan həbsxanalarında ölüm hallarının səbəbləri təkcə vərəmlə bağlı deyil. Son vaxtlar cəzaçəkmə yerlərində intiharlar haqqında da tez-tez eşidilir.

1 saylı Cəzaçəkmə Müəssisəsi

ümumi rejimlidir. Bakıda Nizami rayonunda Böyük Şor qəsəbəsində yerləşir. 2007-ci il sentyabrın 9-da məhbus Zahid Səfərov özünü cəzaçəkmə müəssisəsinin hamamından asıb. Bundan əvvəl də sözügedən cəzaçəkmə yerində intihar hadisələri olmuşdu. Avqustun 13-də isə burda məhbusların ölümü ilə nəticələnmiş bir neçə hadisə baş vermişdi. Məhbuslardan biri digərini öldürmüşdü, avqustun 21-də isə məhbuslardan birinin ölümü ilə nəticələnən fakt qeydə alınmışdı. 16 il əvvəl də burda məhbusların qiyamı olmuşdu.

2 saylı Cəzaçəkmə Müəssisəsi

ümumi rejimlidir. Bakıda Əzizbəyov rayonunda, Binə qəsəbəsində yerləşir.
1993-cü ilin iyulunda 2 saylı cəzaçəkmə yerində 100-dən artıq dustaq qiyam qaldırmışdı. Onların tələblərinin önündə insan haqlarının pozulması, sosial-məişət şəraitinin pis olması dayanırdı. Sonradan bu qiyam məhbuslarla danışıqlar yoluyla yatırılmışdı. Son vaxtlar burda monitorinq aparan hüquq-müdafiəçiləri saxlanma şəraitinin normal olduğunu bildirirlər.
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də orada saxlanılır.

Vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış 3 saylı Müalicə Müəssisəsi
əvvəllər 3 saylı Cəzaçəkmə yeri olub.

Binə qəsəbəsində yerləşir. Müəssisədə «DOTS+» proqramı çərçivəsində 80-dən artıq vərəmli xəstə müalicə olunur. Bu proqramla aparılan müalicənin dərman preparatları çox bahalıdır. Bəzi məhbuslar həmin dərmanlarla təmin olunur. Təzəlikcə burda ömürlük azadlıqdan məhrum edilmiş vərəmli məhkumlar üçün də şöbə açılıb. Ümumilikdə müəssisədə 900-dən artıq vərəmli məhkum müalicə olunur.
Qadınların saxlandığı 4 saylı cəzaçəkmə yerində məhbus qadınların bir hissəsi işləyir, xalçaçılıqla məşğuldurlar
Burdakı məhbuslardan bəziləri «Azadlıq» radiosunun müxbiri ilə söhbətlərində deyiblər ki, bəzi dərmanları onlar üçün evdən gətirirlər.

Rəsmi rəqəmlərə görə, 2002-ci ildə 50-dən artıq məhbus vərəmdən ölüb. 2005-ci ildə ölənlərin sayı 66 nəfər, 2008-də 29 nəfər olub.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Azərbaycanda vərəmli xəstələrin sayı sürətlə artır və dərmanlara müqavimətli vərəm xəstəliyinin ən yüksək göstəricisi də Bakıdadır. Bakıda vərəmli xəstələrin təxminən dörddə biri xəstəliyin məhz bu növündən əziyyət çəkir. Buna səbəb isə, vərəm əleyhinə dərmanların qeyri-düzgün təyinatı, 1-ci və 2-ci sıra dərmanların satışına nəzarətin olmamasıdır.

Mütəxəssislər deyirlər ki, Azərbaycanda vərəmin yayılma mənbələrindən biri həbsxanalardır.

4 saylı Cəzaçəkmə Müəssisəsi

qarışıq rejimlidir. Bakının Xətai rayonunda yerləşir. Bu müəssisədə yüngül, ağır, ağır və daha ağır cinayətlər törətmiş 350-dən artıq qadın cəza çəkir. Burdakı məhbusların sayı indiki kimi heç vaxt bu qədər çox olmayıb. Sonuncu Amnistiya Aktı burdakı 28 qadına tətbiq olunub, onlardan 8-i əcnəbidir.

Qadınların saxlandığı 4 saylı cəzaçəkmə yerində məhbus qadınların bir hissəsi işləyir, xalçaçılıqla məşğuldurlar. Məhbuslardan bəziləri həbsxana yeməyi ilə kifayətlənməyib burdakı mağazadan ərzaq alırlar. Bu mağazadakı qiymətlər bayırdakı mağazalardakından azı 20 faiz bahadır.

5 saylı Cəzaçəkmə Müəssisəsi

ümumi rejimlidir. Salyan rayonunda Xələc qəsəbəsində yerləşir. Bu cəzaçəkmə yeri Azərbaycanın ən uzaq həbsxanalarından sayılır. 1995-ci ilin sentyabrında burda dustaqlar müəssisə rəhbərliyinə qarşı itaətsizlik aksiyası keçirmişdilər. Onlar həbsxana rəhbərliyini insan haqlarını pozmaqda, korrupsiyada ittiham edirdilər. Həmin vaxt 100-dən çox məhbus etiraz olaraq müəssisənin damına çıxmışdı. Onların tələbləri sırasında rəhbərliyin dəyişdirilməsi, qida şəraitinin yaxşılaşdırılması, dərmanla təmin olunmaları, rüşvətxorluğun aradan qaldırılması dayanırdı.
6 saylı Cəzaçəkmə Müəssisəsi
Tələblərinin bir hissəsi yerinə yetirildikdən sonra oktyabrın 1-də dustaqlar aksiyanı dayandırmışdılar.

Ötən il 5 saylı həbsxanada məhkum qaçmağa cəhd göstərmişdi. Bundan sonra cəzaçəkmə yerinin rəisi işdən azad olunmuşdu.

6 saylı Cəzaçəkmə Müəssisəsi

ümumi rejimlidir. Nizami rayonunda, Böyük Şor qəsəbəsində yerləşir. Bura həmişə imkanlı məhbusların saxlandığı kolon kimi tanınıb. Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı, «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyev burda saxlanılır. Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisəsində olanda burdakı saxlanma şəraitinin təkmilləşdirilməsini tövsiyə ediblər.

Bu ilin fevralında bu cəzaçəkmə müəssisəsinin rəisi fəaliyyətindəki nöqsanlara və kobud qanun pozuntularına görə tutduğu vəzifədən kənarlaşdırılıb.

7 saylı Cəzaçəkmə Müəssisəsi

ciddi rejimlidir. Paytaxtın Əhmədli qəsəbəsində yerləşir. Həbsxanalar arasında ərazisinə və məhbusların sayına görə ən böyüyüdür. Burda 900 nəfərə yaxın məhbus cəza çəkir. Məhbusların əksəriyyəti təkrar ağır cinayət törədənlərdir. Sonuncu amnistiya burda saxlanan 70 nəfər məhbusa şamil olunub.

1996-cı ilin mayında 7 saylı müəssisədə bir qrup dustaq saxlanma şəraitinin pis olmasına, həbsxana adminstrasiyasının onların diliylə desək, «obşak» yaradılmasına mane olmaq cəhdlərinə etiraz olaraq qiyam qaldırmışdılar. «Obşak» həbsxanada dustaqların özlərinin pulu və bir sıra hüquqlarını bir nəfərə etibar etmələri ilə yaranan mini idarəçilik üsuludur. Həmin qiyam vaxtı koloniya rəisi vəziyyətə qarışanda qiyamçı dustaqlar ona bir neçə bıçaq vurmuşdular. Rəis sağ qalsa da, ona hücum edən məhbus həmin gün intihar etmişdi. Bununla da qiyam yatırılmışdı.

8 saylı Cəzaçəkmə Müəssisəsi

xüsusi rejimlidir. Qaradağ rayonunda Buta qəsəbəsində yerləşir. Bura şəhərdən birbaşa nəqliyyat işləmir. Yolu da bərbad vəziyyətdədir. Məhbusların yaxınları bura gedib-gəlməyi özləri üçün əməlli-başlı işgəncə sayırlar.

Tərbiyə Müəssisəsi - yeniyetmə məhbusların cəzaçəkmə yeri
Bir müddət əvvəl xəbər yayılmışdı ki, Ədliyyə Nazirliyi bu həbsxanada əməliyyat keçirib. Mətbuat yazırdı ki, burdakı məhbusların qiyam hazırlamaları haqda məlumat alındıqdan sonra əməliyyat keçirilib. Həmin vaxt hərbçilərin dustaqları döyəndən sona kameralarında axtarış aparıldığı bildirilirdi.
Bu cəzaçəkmə yerində kriminal aləmdə «qanuni oğru» adlandırılan bir nəfər saxlanılır.

9 saylı Cəzaçəkmə Müəssisəsi

qarışıq rejimlidir. Binə qəsəbəsində yerləşir. Burda hüquq müdafiəçiləri bir neçə dəfə monitorinq aparıblar. Saxlanma şəraitinin orta olduğunu bildiriblər.

10 saylı Cəzaçəkmə Müəssisəsi

ümumi rejimlidir. Nərimanov rayonunda yerləşir. Jurnalist Sakit Zahidov hazırda burda saxlanılır. Saxlanma şəraitinin pis olmadığı haqda məlumatlar var. Vəkili İsaxan Aşurovun verdiyi məlumata görə, Mirzə Sakit saxlandığı cəzaçəkmə müəssisənin rəisini məhkəməyə verməyə hazırlaşır. Buna səbəb jurnalistə Amnistiya Aktının hələ də tətbiq olunmamasıdır. Məhbus həbsxana rəhbərliyini onun azadlıq hüququna hörmət etməməkdə ittiham edir.

11 saylı Cəzaçəkmə Müəssisəsi

ciddi rejimlidir. Binəqədi rayonunda, 7-ci mikrorayonda yerləşir. 2005-ci ilin fevralında 11 saylı koloniyada qiyam olmuşdu. Həmin vaxtkı müşahidələrim belədir - dustaqlar dama çıxıb haqlarının pozulmasına etiraz edirdilər, ağ mələfələrə şüarlar yazıb rəislərinin istefasını tələb edirdilər. Günorta baş verən qiyam səhəri gün tamam yatırılmışdı. Qiyamın yatırılmasında qalın şlanqlardan güclü təzyiqlə gələn soyuq sudan istifadə olunmuşdu. Qiyamçı dustaqlar damdan endiriləndən sonra onlara cəza verilmişdi. Həmin vaxt koloniya rəisi vəzifəsindən kənarlaşdırılmışdı. Bir il sonra mən 11 saylı cəzaçəkmə yerində olanda burdakı məhbuslardan onda etiraza nələrin səbəb olduğunu soruşmuşdum. Cavabları belə olmuşdu ki, «əsas yemək cəhətdən əziyyət çəkirdik, rəhbərlik bizi sırada söyüb təhqir edirdi».

12 saylı Cəzaçəkmə Müəssisəsi


ümumi rejimlidir. Qaradağ rayonunda Buta qəsəbəsində yerləşir. Jurnalist Eynulla Fətullayev də orada saxlanılır.
Yeniyetmə məhbusların cəzaçəkmə yeri
Ötən il bir məhbus 12 saylı müəssisədən qaçmışdı, sonradan həbs olunmuşdu. Buna görə həbsxana rəisi işdən azad edilmişdi.

13 saylı Cəzaçəkmə Müəssisəsi

ümumi rejimlidir, Qaradağ rayonunda, Buta qəsəbəsində yerləşir. Keçmiş səhiyyə naziri Əli İnsanov burda saxlanılır. Əli İnsanov 120 nəfərlik yataqxanada saxlanmasına görə narazılığını bildirib. 13 saylı cəzaçəkmə müəssisəsinin yolunun bərbad vəziyyətdə olduğu, müəssisənin şəraitinin isə yaxşı olmadığı deyilir.

14 saylı Cəzaçəkmə Müəssisəsi


ümumi rejimlidir. Qaradağ rayonunda, Qızıldaş qəsəbəsində yerləşir. Jurnalist Mirzə Sakit bir müddət burda saxlanılırdı. Həmin vaxt o məhkəməyə həbsxanada həyatına sui-qəsd cəhdi olmasıyla bağlı müraciət etmişdi. İşindəki nöqsanlara görə, bu həbsxananın rəisi bu il işdən azad olunub.

15 saylı Cəzaçəkmə Müəssisəsi

ciddi rejimlidir, Nizami rayonunda, Böyük Şor qəsəbəsində yerləşir. Bu ilin fevralında ədliyyə nazirinin əmriylə müəssisənin rəisi Yusif Allahyarov işdən çıxarılmaqla bərabər ədliyyə orqanlarından həmişəlik xaric edilib. Onunla birlikdə müəssisənin əməliyyat şöbəsinin rəisi də vəzifəsindən çıxarılıb. Bir müddət əvvəlsə bu həbsxanada cəza çəkən dustaq İbadət Nuriyev aclıq aksiyası keçirmişdi. Yaxınlarının verdiyi məlumata görə, məhbusun aclıq etməsinə səbəb Yusif Allahyaroun onu döyməsi olmuşdu.

16 saylı Cəzaçəkmə Müəssisəsi

ümumi rejimlidir. Suraxanı rayonunda, Ramana qəsəbəsində yerləşir. Bir neçə ildir yaradılıb. Əsasən az ağır cinayət törətmiş məhbuslar saxlanılır.

17 saylı Cəzaçəkmə Müəssisəsi

ciddi rejimlidir. Binə qəsəbəsində yerləşir. «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid burda saxlanılır.
Azyaşlı məhbuslar kimya dərsində, Bakı, 30 mart 2006
Saxlanma rejiminin orta olduğu bildirilir.

Müalicə Müəssisəsi

qarışıq rejimlidir. Böyük Şor qəsəbəsində yerləşir. Baxmayaraq ki, müəssisə rəhbərliyi ciddi-cəhdlə inkar edir, adətən məhbuslar bura düşmək üçün pul verdiklərini deyirlər. Bir müddət orda saxlanmış keçmiş məhbus Səyyarə Müslümova isə «Azadlıq» radiosuna deyib ki, xəstə məhbuslar üçün nəzərdə tutulan yemək, su və siqaretdən məhrum olubmuşlar. Bütün bunları isə rüşvətlə əldə etmək mümkün imiş:

«5 manat verirdin çölə məktub göndərə bilirdin. 70 manat verib xəstəxanada qalırdın. Hökumət mənim saxlanmağım üçün 130 manat ödəyir. Mən aclıq edirdim, oradakı qızlara yemək verildiyini görmədim. Bir gün qızlardan birinin yanına heç kim gəlməmişdi, yemək istədi, 2-3 dənə kiçik kartof verdilər. Qanunla səhər saat 10-da siqaret və kibrit paylamalıydılar. Ancaq kimdi verən. Su vermirdilər, qızlar «krant» suyunu qaynadıb mənə verirdilər».

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov isə məhbusun dediklərini böhtan adlandırmışdı. Onun sözlərinə görə, «son illərdə məhkumlara göstərilən səhiyyə xidmətləri, qida normaları xeyli artırılıb. Səhiyyə xidmətinin səviyyəsi həddindən artıq yaxşılaşdırılıb. O ki qaldı rüşvət məsələsinə, ondan kimdir rüşvət alan, həm də nəyə görə alsınlar ki?! Yemək də, dərmanlar da dövlət tərəfindən təmin edilir».

Tərbiyə Müəssisəsi


Xətai rayonunda yerləşir. Yeniyetmə məhbusların cəzaçəkmə yeridir. İlk dəfə həbs edilənlərlə təkrar məhkum olunanlar bir yerdə saxlanılır. Burda bir günə 600 qram çörək verilir. Həmin çörək bölünür, günə 200 qram olmaqla üç dəfə verilir. Yeniyetmələr üçün məktəb olsa da, məktəbə gedənlər çox deyil. Azərbaycanın cəzaçəkmə yerlərinin tarixində ilk dəfə 2006-cı ildə olaraq burdakı məhbuslar orta ixtisas məktəblərinə imtahan veriblər, bir neçə nəfər qəbul olunub və təhsillərini qiyabi davam etdirirlər.

Qobustan Həbsxanası


Qaradağ rayonunda Qobustan qəsəbəsində yerləşir. Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum olunmuş məhbuslarla yanaşı, başqa ağır cinayət törədib 10 ildən 15 ilə qədər cəza alanlar da saxlanılır.
Qobustan həbsxanası
Burdakı məhbuslar ara-sıra həm cəzalarının 15 illə əvəz olunması tələbiylə, həm də saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyaları keçirirlər.

Rəsmi rəqəmlərə görə, bu il cəzaçəkmə müəssisələrində 6 məhkum ölüb. Onlardan 3-ü Qobustan həbsxanasında vəfat edib. Keçən il Qobustan həbsxanasının rəisi işdə yol verdiyi nöqsanlara görə, vəzifəsindən çıxarılıb. Yaxın vaxtlarda həbsxana Qobustandan Umbakı qəsəbəsinə köçürüləcək. Köçürülmədən sonra buranın muzey kimi istifadə olunması nəzərdə tutulur.

1999-cu ilin yanvarında Qobustan həbsxanasında 11 məhbus, əsasən dövlət çevrilişinə cəhddə təqsirli bilinən keçmiş hərbçilər qiyam qaldırmışdı. Onların ikisi silah ələ keçirmək istəyəndə öldürülmüşdü. Ancaq bununla belə dustaqlar 28 girov və silah götürə bilmişdilər. Qiyamçı dustaqlar ölkədən çıxmaq üçün onlara nəqliyyat verilməsini tələb edirdilər. Həmin vaxt hüquq-mühafizə orqanları həbsxanada xüsusi əməliyyat keçirdilər. Girovlardan biri və 9 məhbus öldürüldü.

Məhbusların hüquqları

Human Rigts Watch beynəlxalq hüquq-müdafiə təşkilatının son hesabatında da Azərbaycanda həbs yerlərində saxlanma şəraitinin ürəkaçan olmadığı bildirilir.

Azərbaycanda həbsdə olan məhbuslardan «öz hüquqlarınız haqqında nə bilirsiniz» sualına cavab almaq istəyəndə onların çox düşünüb-daşınandan sonra cavab verəcəklərini bildirmişdilər. Mən Bakıdakı 1 saylı cəzaçəkmə yerində məhbuslara bu sualı vermişdim, cavabları belə olmuşdu: «Bu bir az çətin şeydir. Hüquq-zad... bir adamı tutub həbsə salırlarsa, onun nə hüququ. Nə deyilərsə, nə yazılıbsa biz də riayət eləməliyik…»

İşsizlik

Əgər sovet dövründə məhbusların əksəriyyəti işləyirdisə, indi işsizlik cəzaçəkmə yerlərinin də əsas problemlərindəndir. İndi çox az həbsxanada məhbuslar üçün iş yeri var. Cəza dövründə işləyən məhbus özünü xoşbəxt məhbus sayır, deyirlər ki, işləyəndə vaxt tez keçir.

Bakıdakı «Torqovı» küçəsində əl işləri, müxtəlif suvenirlər satılan yerdə həbsxanalarda hazırlanmış əl işlərinə də rast gəlmək olur. Burdakı satıcılar deyirlər ki, bu əşyaları onlara vasitəçilər gətirirlər. Onlar da qiymət qoyub satırlar.

11 saylı Cəzaçəkmə Müəssisəsi
Psixoloq Rafiq Allahverdiyev deyir ki, məhbusların hansısa bir işlə məşğul olmaları onların həyata münasibətini də müsbət tərəfdən dəyişir:

«İşsizlik məhbuslarda ruh düşkünlüyü yaradır. Özlərinin daha çox lazımsız insan sayırlar. İş isə onları tamam dəyişir. İtirilmiş keyfiyyətləri bərpa edir. Onlar nəyləsə məşğul olanda cəza müddəti də tez keçir. İşsizlik həm də əsəb, təcavüzkarlıq yaradır. Boş vaxtlar lazımsız söhbətlərə, münaqişələrə gətirib çıxarır».

Cəzaçəkmə yerlərində dustaqlar daha çox kars adlanan cərimə kameralarına salınmaqla cəzalandırırlar. Burda saxlanma cəzaçəkmə yerindən qat-qat ağırdır.

Cəzaçəkmə yerlərinin problemlərindən danışanda hüquq müdafiəçiləri rüşvəti xüsusi vurğulayırlar. Hüquq müdafiəçisi Murad Sadəddinov da məhbus yaxınlarından ona bu cür şikayətlərin daxil olduğunu bildirir.

Rəsmi

Penitensiar Xidmət idarəsindən verilən məlumata görə, müəssisələrdə aparılan yoxlamalar zamanı kobud qanun pozuntuları - müəssisələrdə bəzi məhkumlara qanunsuz qısamüddətli görüşlərin verilməsi, müsbət xarakterizə olunmayan bir neçə məhkumun məntəqə tipli müəssisəyə köçürülməsi, xəstə məhkumların vaxtında xəstəxanaya yerləşdirilməməsi kimi faktlar aşkarlanıb. Nəticədə bir məhkum vaxtında xəstəxanaya yerləşdirilmədiyindən vəfat edib, son iki ildə isə məntəqə tipli müəssisələrə köçürülən məhkumların törətdiyi cinayət halları 7 faiz artıb.
XS
SM
MD
LG